“Müasir Ermənistan Fransa hərb sənayesinin nəhəng deposuna bənzəyir” - Polkovnik

 10:23 18.09.2024     111

“Müasir Ermənistan Fransa hərb sənayesinin nəhəng deposuna bənzəyir”.

Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən pokovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Fransa tərəfindən Ermənistanın ölümcül silahlarla təchiz edilməsi ancaq və ancaq Cənubi Qafqazda mövcud vəziyyəti gərginləşdirməyə xidmət edir:

“44 günlük Vətən müharibəsindən sonra Fransa Ermənistanı silahlandırma kursu götürüb ki, bu siyasət günümüzdə də davam etməkdədir. Bugünlərdə mətbuatda yer alan məlumatlarda vurğulandı ki, Fransa Ukraynada istehsal etdiyi hərbi sənaye məhsullarının 30%-ə qədərini Ermənistan üçün ayırır. Bu, olduqca böyük rəqəmdir və Fransanın Ermənistanı silahlandırmaq tempini durmadan artırdığını göstərir. Həmçinin, bütün bunlar göstərir ki, rəsmi Paris Ukraynada olduğu kimi, dünyanın digər bölgələrində də qaynar nöqtələrin yaradılmasında maraqlıdır.

Fransanın Ermənistanı silahlandırması, onu müasir hərbi-sənaye məhsulları ilə təmin etməsi Cənubi Qafqazda vəziyyəti gərginləşdirməkdə, hərbi qarşıdurma ehtimalını artırmaqdadır. Əgər bölgədə hər hansı qarşıdurma baş verərsə, bunun məsuliyyəti İrəvanla yanaşı, həm də rəsmi Parisin üzərinə düşəcək”.

Cəlil Xəlilov qeyd edib ki, Fransa Ermənistanı silahlandırmaq siyasətindən imtina etməli, sülh  prosesinə zərər vurmaqdan əl çəkməlidir:

“10 noyabr 2020-ci il Bəyanatından bir neçə il ötsə də, Ermənistan sülh müqaviləsi imzalamaq istəmir, bundan müxtəlif vasitələrlə yayınmağa çalışır. Rəsmi İrəvanı sülhdən çəkindirən, onu təxribat və avantüralara həvəsləndirən əsas amillərədn biri isə Fransanın ona göstərdiyi hərbi-siyasi yardımdır. Məhz bu kimi yardımlar Ermənistanda revanşizm əhval-ruhiyyəsinin alovlanmasına təkan verir, yeni qarşıdurma riskini yüksəldir. Buna görə də, Fransa bu məsələdə öz məsuliyyətini dərk etməli, sülh və təhlükəsizliyə xələl gətirən silahlandırma siyasətindən imtina etməlidir. Əks təqdirdə, bu, Fransa tərəfindən yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa və bəşəriyyətə qarşı cinayət demək olacar”.

T.İSMAYIL