"Səfirliyimizə hücum edən terroçu gizlincə azadlığa buraxıla bilər" - AÇIQLAMA

 17:00 18.09.2024     212

"İranın paytaxtı Tehranda səfirliyimizə hücum edən terrorçu ilə bağlı qərar iki ölkənin münasibətinin göstəricisidir". 

Bu sözləri Redaktor.az-a açıqlamasında Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan terrorçu Yasin Hüseynzadənin edam hökmünü şərh edərkən dedi. Onun sözlərinə görə, İran bu məsələni çoxdan həll etməli idi:

"İran hakimiyyəti bu tip məsələləri tez başa çatdırmır. Məsələn, adi edam hökmü ilə bağlı - narkotik maddələrin qaçaqmalçılığı, zorakılıq, təcavüz və sair bu kimi məsələlərlə bağlı edam hökmlərini çox qısa bir müddətdə icra edir. Yaxud ötən il 2022-ci ildə başlamış etiraz aksiyalarında saxlanılanların edam hökmünü də yubatmadı. Çox qısa müddətdə onları edam etdi. Bu məsələ iki ölkənin münasibətinin göstəricisidir. Tehran hakimiyyətinin Azərbaycan Respublikasının itirilmiş və zəifləmiş etimadı qazanmaq, yaxud bərpa etmək üçün 2023-cü il yanvarın 27-də Azərbaycan səfirliyinə edilən terror hücumunun günahkarlarını, yaxud günahkarını, təşkilatçılarını, yaxud təşkilatçısını tapıb cəzalandırması vacib idi. İndiyə qədər yalnız bir nəfər barəsində edam hökmü çıxarılıb. Digər günahkarlarla bağlı cəzaların verilməsinə dair heç bir informasiya yoxdur".

Politoloq qeyd etdi ki, İrana Azərbaycana nifrət edən insanlar lazım olduğundan, terrorçunu gizlincə azadlığa da buraxa bilər.

"Tehran hakimiyyəti bununla ola bilər ki, perspektivdə Azərbaycan İran münasibətlərində normallaşmasını gözləyir. Bununla da işi ömürlük cəza ilə əvəz edə bilər. Yaxud bu işin, yəni həmin terror hücumu edən şəxsin edam olunduğunu bəyan edər, ancaq edam etməz və o şəxs başqa adla ölkədə yaşaya bilər. Çünki Tehran hakimiyyətinə, Azərbaycan Respublikasına qarşı belə kin, nifrətlə dolu insan lazımdır. Elə o terrorçu Azərbaycana qarşı kin, nifrətlə yaşayır. Tehran hakimiyyəti onu nifrət, kin aləti kimi başqa vaxtda da bizə qarşı istifadə edə bilər. Hesab edirəm ki, bu müddətin, yeni hökmün icrasının uzadılması da Tehran hakimiyyətinin əsas hədəflərindəndir. Düzdür, Tehran hakimiyyətində ölüm hökmü çıxarılmış şəxslərlə bağlı qərarın, hökmün icrası bir müddət uzadılır, hətta illərlə çəkə bilir. Amma bu məsələdə bütün faktlar var. Tehran iddia etdiyinə görə, günahkar da bəllidir, hadisənin nəticəsi də bəllidir, iddialar da bəllidir. Ola bilsin, Tehran hakimiyyəti iddia edəcək ki, cinayət işi ilə bağlı yeni nüanslar ortalığa çıxdığına görə edam hökmünü, yaxud cəzanın tətbiqi müddətini uzadır. Hər halda bu, İran hakimiyyətinin etimadına zərbə vuran bir məsələdir", - deyə S.Soltan yekunlaşdırdı.

Xatırladaq ki, 55 yaşlı terrorçu həbs olunub və məhkəmə onun barəsində 2023-cü il oktyabrın 2-də ölüm hökmü çıxarıb.

Türkan İSGƏNDƏRLİ