"Dünya erməniləri hələ də xəyallarındakı dövləti qurmaq iddiasındadırlar"

 18:30 23.09.2024     81

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Azərbaycana qarşı ideoloji təxribatların davam etdiyini bildirib. Həmin təxribatlar kimlər tərəfindən ölkəmizə edilir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi ekspert Elşad Mirbəşiroğlu bildirdi ki, 2020-ci ildən sonra Azərbaycana qarşı qərəzli mövqenin sərgilənməsi daha intensiv xarakter alıb.

"Ümumiyyətlə, biz zaman-zaman ölkəmizə qarşı müxtəlif siyasi dairələrin ədalətsiz yanaşmalarını, mövqelərini müşahidə etmişik. 2020-ci  ildə biz beynəlxalq səviyyədə ərazi bütövlüyümüz çərçivəsində tanınan torpaqlarımızı Ermənistanın işğalından azad etdik. Cənubi Qafqaz regionunda tamam yeni geosiyasi reallıqlar formalaşdırdıq. Eyni zamanda regional təhlükəsizlik mühitini də keyfiyyətcə yenilədik. Bu, görünür ki, bir sıra dairələrin maraqlarına cavab vermirdi. Çünki münaqişə amilindən istifadə edən həmin dairələr regionda özlərinin dağıdıcı fəaliyyətini həyata keçirirdi, region üçün təhlükəli olan maraqlarını qorumaq imkanlarına sahib idilər. Azərbaycan öz ərazilərini işğaldan azad etməklə Cənubi Qafqaz regionunda münaqişə amilini aradan qaldırdı. Deməli, maraqlı dairələrin, Qərb dairələrinin Cənubi Qafqaz regionunda manevr imkanlarını da məhdudlaşdırmış oldu. Belə olan halda ölkəmizə qarşı müxtəlif xarakterli təxribatlar həyata keçirilməkdədir. Bunlardan biri də elə ideoloji təxribatdır. Əsasən də, guya biz Azərbaycan ərazilərində ermənilərə münasibətdə etnik təmizləmə həyata keçirmişik. Guya biz separatçıların ərazilərini işğal etmişik. Heç əlaqəsi olmayan məsələlərlə bağlı ölkəmizin ittiham olunması müşahidə olunmaqdadır. Bütün bunlar elə hesab edirəm ki, bu,ölkəmizə qarşı ideoloji təxribatın hissələri, elementləridir. Biz öz tarixi ərazilərimizi işğaldan azad etmişik, bunu fərqli tərzdə dünya ictimaiyyətinə çatdırmağa çalışırlar. Beləliklə də, Azərbaycana qarşı qərəzli, siyasi mövqe formalaşdırmaq istiqamətində cəhdlər edilməkdədir. Ümumiyyətlə, Azərbaycanda digər vəziyyətlərlə bağlı qərəzli mövqelərin olduğunu biz müşahidə edirik".

Politoloqun sözlərinə görə, bütün bunlar o dairələrdən qaynaqlanır ki, onlar müstəqil, öz milli maraqları çərçivəsində siyasət həyata keçirən rejimləri qəbul etmirlər.

"Bu, Qərb dairələridir, Qərb institutlarıdır. Onlar istəyirlər ki, ayrı-ayrı ölkələrdəki siyasi rejimlər məhz onların diktəsi əsasında öz fəaliyyətlərini qursunlar və ölkələrinin resurslarını ayrı-ayrı dairələrin, geosiyasi ambisiyalarının həyata keçirilməsi istiqamətində istifadə etsinlər. Azərbaycan isə öz milli maraqlarını təmin edir, milli maraqları çərçivəsində fəaliyyət göstərir. Ona görə də bizim üzərimizə bu cür qərəzli hücumlar həyata keçirilir. Digər tərəfdən, ölkəmizə qarşı ideoloji mübarizəni aparan erməni diaspor təşkilatları, ayrı-ayrı ölkələrdəki dünya erməniçili, onlar yenə də özlərinin xülyalarındakı dövləti qurmaq iddiasındadırlar. Bu ümidlə yenə yaşayırlar və ümid edirlər ki, nə zamansa vəziyyəti dəyişə biləcəklər. Bu istiqamətdə təəssüf ki, Qərb dairələri, Amerika Birləşmiş Ştatları, Fransa, bir sıra Qərb institutları, Avropa İttifaqının institutları, AŞPA Ermənistana dəstək olmaqdadırlar".

E.Mirbəşiroğlu qeyd etdi ki, onların Ermənistana dəstəyinin xüsusi səbəbləri və maraqları var.

"Bu dəstəyin səbəbi də odur ki, ondan-bundan istifadə edərək Cənubi Qafqaz regionunda öz təhlükəli maraqlarını təmin etməyə çalışırlar və bütün bunlar təbii ki, region üçün təhlükəlidir. Amma Azərbaycan da bu ideoloji təxribatlara cavab vermək əzmini nümayiş etdirməkdədir. Biz də həqiqətlərimizi sistemli şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdayıq. Ölkəmizə gələn xarici qonaqlar, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri vaxtilə Ermənistanın işğalı altında olan ərazilərə səfərlər edirlər. Bu səfərlər dövlətimiz tərəfindən təşkil olunur, onlara əyani şəkildə erməni vandalizminin izləri göstərilir. Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində törətdiyi vandalizm əyani şəkildə nümayiş etdirilir. Ermənistanın bütün cinayətləri haqqında beynəlxalq ictimaiyyət tutarlı dəlillər əsasında məlumatlandırılır və bu fəaliyyət sözsüz ki, bundan sonra da intensiv şəkildə davam etdirilməlidir və etdiriləcəkdir", - deyə siyasi ekspert qeyd etdi.

Türkan İSGƏNDƏRLİ