Pezeşkian "Türk Evi"ndə Ərdoğanla nələri müzakirə edib? - AÇIQLAMA

 18:02 24.09.2024     63

ABŞ-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla Nyu Yorkdakı "Türk Evi"ndə görüşüb.

Onlar hansı mövzuları müzakirə ediblər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, liderlər bir sıra mühüm mövzularla birgə Zəngəzur dəhlizi barədə də müzakirə apara bilərlər.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Məsud Pezeşkian arasında Nyu Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüş əvvəlcədən planlaşdırılmışdır. Bu görüş tərəflərin bir-biri ilə tanışlığı xarakteri də daşıyır. Çünki indiyə qədər Ərdoğanla Pezeşkian heç vaxt görüşməyib. Bu baxımdan onların görüşündə ilk növbədə tanışlıq, bunun ardınca ölkələrin bir-birinə münasibəti, Pezeşkiandan əvvəlki hökumətlərin dövründə Türkiyə-İran əməkdaşlığı, bundan sonra perspektiv əlaqə və əməkdaşlıq məsələləri müzakirə edilə bilər. Bundan başqa regional vəziyyət, xüsusən İraq, Suriyada terrorçuların fəaliyyəti və İranla Türkiyənin bu məsələdə ortaq mövqe nümayiş etdirməsi məsələsi müzakirə oluna bilər. Habelə Fələstinin gələcəyi, eyni zamanda HƏMAS-İsrail müharibəsində tərəflər arasında mübarizə müzakirə mövzusudur. Fikrimcə, bunlardan biri də Cənubi Qafqazda Zəngəzur yolu ilə bağlı İranın açıq mövqeyini Məsud Pezeşkian Türkiyə liderinə çatdıra bilər. Odur ki, bu, perspektivdə Pezeşkianın Türkiyəyə səfəri ilə bağlı ilkin gündəliyin müəyyən edilməsi kimi də qəbul edilə bilər".

Siyasi şərhçinin sözlərinə görə, BMT-nin ofisi "Türk Evi" qədər danışıqların aparılması üçün münasib ola bilməz.

"Bu görüş BMT-nin mənzil qərargahında İranın Nyu Yorkda diplomatik missiyası olmadığından Türkiyənin konsulluğu, ya da "Türk Evi"ndə keçirilə bilərdi. Tərəflər BMT-nin mənzil qərargahını bir sıra məsələlər baxımından məqbul saymadıqlarından "Türk Evi" ikitərəfli qeyri-rəsmi görüş üçün münasib sayılıb. Çünki BMT-nin ofisi "Türk Evi" qədər danışıqların aparılması üçün münasib ola bilməz. Odur ki, Məsud Pezeşkianın da "Türk Evi"nə gələrək Rəcəb Tayyib Ərdoğanla görüşü bu məqsədi daşıyır. ABŞ ilə İran arasında heç bir diplomatik münasibət olmadığından Birləşmiş Ştatlarda İslam Respublikasının heç bir diplomatik missiyası fəaliyyət göstərmir. Bu iki ölkə arasında münasibətlərin tənzimlənməsi İsveçrə vasitəsilə reallaşır", - deyə Sədrəddin Soltan qeyd etdi.

Türkan İSGƏNDƏRLİ