"Rusiya qeyri-qanuni miqrantları uçota durmağa sövq edir" - Deputatdan AÇIQLAMA

 16:23 25.09.2024     113

Rusiya ölkədə qeyri-qanuni qalan əcnəbilərin reyestrini yaratmağı planlaşdırır. Oraya daxil edilən miqrantlara bir sıra məhdudiyyətlər tətbiq olunacaq. Məsələn, onların ailə qurmasına və ya boşanmasına, nəqliyyat vasitəsini idarə etməsinə və bank xidmətlərindən istifadəsinə icazə verilməyəcək.

Bəs buna səbəb nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya iştirakçı Platformasının rəhbəri, millət vəkili Azər Allahverənov bildirdi ki, Rusiya qeyri-qanuni miqrantları uçota durmağa sövq edir:

"Rusiyada kifayət qədər çox sayda qeyri-qanuni miqrant var. Bəzi hallarda qeyri-qanuni miqrantların sayının təqribən 2-4 milyon, bəzi mənbələrdə dörd milyondan daha artıq göstərilir. Hətta Rusiya Prezidenti Vladimir Putin qeyd etmişdi ki, pandemiyaya qədər dörd milyondan 10 milyona qədər qeyri-qanuni miqrant yaşayıb. Daha sonra Rusiya miqrasiya sahəsində daha sərt qaydaları tətbiq etməyə başladı. Sərt cəza sanksiyalarının tətbiq olunması, inzibati prosedurların daha gücləndirilməsi və digər məsələlərdə bu özünü göstərdi. Həm də miqrasiya proseslərinin idarə olunması zamanı qeyri-qanuni miqrasiyaya səbəb ola biləcək halların qarşısı alınması istiqamətində fəaliyyətə başladı. Əvvələr Rusiyada mövcud qaydalara görə qeyri-qanuni miqrantın nikah bağlamaq, nəqliyyat istifadə etmək, sənədləşmə işlərini həyata keçirmək hüquqları vardı. Hökumət gördü ki, baxmayaraq ki, miqrasiya uçotunda deyillər, ancaq insanlar buna baxmayaraq yenə də ölkə ərazisində qalırlar və qalarkən də bax həmin o prosedurlara uyğun olaraq davrana bilirlər. Bu səbəbdən də elə bunun qarşısını almaq məqsədilə insanları miqrasiya uçotunda durmağa bir növ sövq edirlər".

Deputatın sözlərinə görə, buna səbəb ölkədə qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaqdır.

"Onların qarşısını almaq istiqamətində hökumət həmin qadağaları tətbiq etməyə başladı ki, bu yolla da insanlar uçota dursunlar və sonra getsinlər həmin prosedurlara uyğun davransınlar. Bütövlükdə ölkədə qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində həyata keçirilən dövlət siyasətinin əsas hədəfləri qanunsuz miqrasiyanın qarşısını almaq, həmin statusunun leqallaşdırılması, tənzimlənməyən miqrantların sayının azalmasına nail olmaqdır. Yəni nə dərəcədə bu mübarizə effektiv həyata keçirilirsə, bir o qədər də uğurlu şəkildə miqrasiya proseslərinin idarə olunması baş verər. Rusiya hökumətinin müəyyən etdiyi strateji hədəflər bilavasitə miqrasiya proseslərinin geniş şəkildə effektiv idarə olunmasına nail olmaqdır", - deyə Azər Allahverənov qeyd etdi.

Türkan İSGƏNDƏRLİ