"Pezeşkian İran siyasətini dəyişə biləcək gücdədir" - ŞƏRH

 17:29 25.09.2024     86

"Məsud Pezeşkian nə qədər mövcud İran rejiminin bir tərkib hissəsi olmuş olsa belə, o, bir türkdür və türklüyü ilə fəxr edən bir şəxsdir və bunu seçki mübarizəsi prosesində də açıq şəkildə dilə gətirdi. Bu heç də İran siyasətində asan bir məsələ deyil". 

Bu sözləri Redaktor.az-a politoloq Natiq Miri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkianın Nyu Yorkdakı "Türk Evi"ndə görüşünü şərh edərkən dedi. Onun sözlərinə görə, İranın Ermənistanla dostluğu ona heç nə qazandırmayacaq. 

"İran dövlətinin türk prezidenti, Amerika Birləşmiş Ştatlarında Türkiyənin "Türk Evi"ndə Türkiyə prezidenti ilə görüşməsi, əlamətdar hadisə olmaqla bərabər, həm də özündə müəyyən perspektivlər vəd edir. Çünki hələ İrandakı seçki yarışlarında Məsud bəy bəyan etmişdi ki, bütün qonşu dövlətlərlə dostluq münasibətlərinə üstünlük verəcək və xüsusilə də burada Türk cümhuriyyətlərini vurğulamışdı. O, Türk millətlərilə dostluğun İrana qazandıracağını bəyan etmişdi. Əslində bu çox doğru bir yanaşma tərzidir və həqiqətən də sözün əsl mənasında müsbət nəticəyə hesablanmış bir fikirdir. Çünki bu gün cırtdan Ermənistanla dostluq və qardaşlıq, böyük Türkiyə, güclü Azərbaycana qarşı düşmənçilik etmək, İrana heç bir zaman heç nə qazandırmayıb və bundan sonra da qazandıracaq deyil. Çünki Ermənistan bu bölgədə ən zəif bənd olan bir ölkədir. Ona görə də istənilən bir güc mərkəzi əgər regiona, xüsusilə də Güney Qafqaza sirayət etmək, təsir etmək istəyirsə, bunu məhz zəif bənd olan Ermənistan üzərindən edir. Bu baxımdan zəiflə deyil, güclü ilə əməkdaşlıq və dost olmağa ehtiyac var. Xüsusilə də nəzərə alsaq ki, bu ölkələr əsasən müsəlman toplumunu özündə ehtiva edir və bu da bu dövlətləri yaxınlaşdıracaq əlavə ciddi bir sistem olur. Ancaq İran rejimi məsələyə belə baxmır və burada da Məsud bəyin baxışı fərqlidir. "Türk Evi"ndə iki türk prezidentin görüşünü fürsətə çevirə bilsələr, düşünürəm ki, bu, gələcəkdə nemət ola bilər. Doğrudur, çətindir. Çünki Türkiyədən fərqli olaraq İranda bütün məsələləri hökumət həll etmir. Hökumətin üstü olan bir də ali ruhani institutu - Xamenei var. Bir də müsəlman ölkələri ilə düşmənçilik siyasətinə tətikləyən bir SEPAH var".

Qarabağla bağlı vəziyyətdən çıxarın – “İlin sonuna lazımdır, yoxsa...” » Sedanews.az

Politoloq qeyd etdi ki, liderlərin görüşündə Zəngəzur dəhlizinin açılması istiqamətində danışıqlar aparıla bilər:

"Ərdoğan Məsud Pezeşkianı inandıra biləcək ki, Zəngəzur dəhlizinin açılması heç də İranın maraqlarına zidd deyil. Əksinə, bütün region ölkələri bu nəqliyyat kommunikasiya sistemindən qazanacaq ki, bunların içərisində İran da var. Ona görə də bu məsələyə əngəl olmaqdansa, əksinə, prosesin iştirakçısına çevrilsin. Hər bir halda Məsud bəy bu prosesə öz ağırlığını qoya bilər. Eyni zamanda Əli Xameneini inandıra bilər ki, Zəngəzur dəhlizinin açılmasına əngəl olmaqdansa, prosesin iştirakçısı olaraq daha çox təsir imkanlarını artırsın. Bu da İrana qazanc gətirə bilər. Çünki Məsud bəyin bu cür inandırıcılıq qabiliyyəti mövcuddur. Ən azından HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi hadisəsindən sonra qisasın alınması ilə bağlı Məsud bəyin səbrli davranmaqla bağlı Əli Xameneiyə bəzi tövsiyələri olmuşdur və hiss olunur ki, bu tövsiyələr SEPAH-ın bunun əleyhinə olmasına rəğmən Xamenei tərəfindən qəbul olundu və bu da Qərb dünyası ilə danışıqların aparılmasına müəyyən yol açdı".

Natiq Miri vurğuladı ki, tərəflər Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin də həlli ilə bağlı müzakirələr apara bilərlər.

"İki prezident arasında Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin, bütövlükdə regiona sülh və əməkdaşlıq gətirəcəyi məsələsi də müzakirə olunacaq. Çünki bu məsələ sadəcə Azərbaycan, Ermənistan və Türkiyənin deyil, bütövlükdə regionun xidmət edir. Ona görə də Pezeşkian inandırılacaq ki, bu məsələdə əngəlləyici və tormozlayıcı deyil, əksinə, yardımçı olmağa ehtiyac var ki, region bir bütün olaraq çıxış edə bilsin. Regiona hər hansı bir qlobal güclərin müdaxiləsinin birgə qarşısı alınsın. Ona görə də bu məsələdə əngəlləyici və parçalayıcı deyil, birləşdirici olmağa ehtiyac var. Hər bir halda heç bir görüş izsiz keçmir və Rəcəb Tayyib Ərdoğanla Məsud Pezeşkianın görüşü də çox müsbət xarakterli olmaqla bərabər, konkret hansısa nəticələrə səbəb olacaq", - deyə siyasi şərhçi əlavə etdi.

Türkan İSGƏNDƏRLİ