"Ermənistanın məqsədi Türkiyəni Azərbaycandan uzaqlaşdırmaqdır" - AÇIQLAMA
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanla Nyu Yorkda görüşüb. Bu çərçivədə Ərdoğan Paşinyana simvolik “Daha ədalətli bir dünya mümkündür” kitabını hədiyyə edib.
İkili toplantıda hansı mövzular müzakirə olunub?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, Ermənistanın məqsədi Türkiyəni Azərbaycandan uzaqlaşdırmaqdır.
"Türkiyə Prezidentinin Nikol Paşinyanla görüşü şübhəsiz ki, həm ikitərəfli münasibətlər baxımından, həm də bölgənin gələcəyi üçün mühüm əhəmiyyətə malik olan görüşdür. Paşinyanın istəyi məlumdur. Türkiyə ilə sərhədi açmaq istəyir. Türkiyəni Azərbaycandan uzaqlaşdırmağa çalışır və diplomatik münasibətlər qurmaq istəyir. Ərdoğanın da mövqeyi məlumdur və bu dəyişməzdir. Türkiyə-Ermənistan münasibətlərinin səhmana salınması üçün sərhədlərin açılması üçün əsas şərt Azərbaycan-Ermənistan münasibətlərinin düzəlməsidir, sülh sazişinin imzalanmasıdır və təbiidir ki, xüsusilə Zəngəzur dəhlizinin açılması məsələsi son dövrlər xüsusilə aktualdır. İranın kəskin mövqe tutması, hətta Rusiyanın da müharibə ilə hədələnməsi onu göstərir ki, İran Zəngəzur dəhlizinə münasibətdə mövqeyindən imtina etmək fikrində deyil. Tələb aydındır. Dəhlizə 10 noyabr sazişində nəzərdə tutulduğu kimi, rus sərhədçiləri deyil, ermənilər nəzarət etməlidir. İran güzəşt etmək fikrində deyil. Ermənistan da İranın mövqeyini təbii ki, dəstəkləyir".
Politoloqun sözlərinə görə, Ermənistan Türkiyə ilə əlaqələri gücləndirmək istəyirsə, ilk növbədə Azərbaycanla sülh sazişini imzalamalıdır.
"Belə məqamda Türkiyə Prezidenti ilə Paşinyanın Zəngəzur dəhlizini müzakirə etməsi və dəhlizin açılması üçün Ermənistanın konstruktivlik nümayiş etdirməsini ona xatırlatması bölgənin gələcəyi üçün xüsusilə vacibdir. Aydındır ki, bir görüşdə hər şeyi həll eləmək mümkün deyil, çox cüzi nəticələrə nail olmaq mümkün olur. Ancaq bütövlükdə bu baxımdan mən hesab edirəm ki, bu görüş əhəmiyyətli görüşdür. Azərbaycanla sülh sazişinin imzalanması məsələsi, razılaşdırılmayan üç bəndin razılaşdırılması, Konstitusiyada dəyişiklik və burada Türkiyənin mövqeyinin Paşinyana xatırladılması danışıqlar prosesinə də müəyyən təsir göstərə bilər. Bütövlükdə mən hesab edirəm ki, bu görüş Ermənistan-Türkiyə münasibətlərində elə bir ciddi dəyişikliyə gətirib çıxara bilməz. Burada dəyişikliyin baş verməsi daha çox Azərbaycanla münasibətlərin düzəldilməsindən asılıdır və bu istiqamətdə Ermənistan konstruktiv addımlar atmaq məcburiyyətindədir", - deyə A.Səmədov vurğuladı.
Türkan İSGƏNDƏRLİ