"Azərbaycanın işlərinə qarışmaq cəhdlərindən əl çəkmirlər" - Sahibə Qafarova

 14:41 30.09.2024     91

"Biz hamımız yaxşı xatırlayırıq, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev Milli Məclisin ilk iclasında etdiyi çıxışın önəmli bir hissəsini müəyyən xarici dairələrin ölkəmizə qarşı hazırladığı planlara, onların apardığı qarayaxma, iftira, böhtan kampaniyalarına, ideoloji təxribatlara həsr etmişdi".

Redaktor.az xəbər verir ki, bunu spiker Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması haqqında məsələ barədə çıxışı zamanı deyib.

"Bildiyiniz kimi, ideoloji təhlükəsizlik məsələləri dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra xüsusi aktuallıq kəsb edib. Xalqımızın tarixi qələbəsi ilə barışa bilməyən qüvvələr Cənubi Qafqaz bölgəsinə daxil olmaq və burada möhkəmlənmək, Azərbaycanın işlərinə qarışmaq cəhdlərindən əl çəkmirlər.

Bu səbəbdən ölkəmiz mürəkkəb xarakterli təhlükələr ilə üzləşir. Ənənəvi çağırışların qalmaqda davam etdiyi bir şəraitdə yeni, daha məkrli müdaxilə formaları da ortaya çıxır.

Bu cür hərəkətlər dövlətimizi daxildən zəiflətməyə, ictimaiyyətin dövlət institutlarına etimadını sarsıtmağa və nəticə etibarı ilə milli maraqlarımıza xələl gətirməyə, müstəqilliyimizi və ictimai-siyasi sabitliyimizi təhlükə altına almağa yönəlmişdir. Onu da deyim ki, bir sıra hallarda biz üstüörtülü təhdidlər və müdaxilələr ilə qarşılaşırıq, cəmiyyətimiz və dövlətimiz ilə manipulyasiya etmək cəhdləri çoxgedişli təbliğat kampaniyaları - onu biz hamımız yaxşı bilirik - saxta şüarlar ilə pərdələnir. Bu baxımdan hesab edirəm ki, komissiyanın fəaliyyəti çevik, aktiv və preventiv xarakter daşımalıdır", - deyə Milli Məclisin sədri bildirib.

Türkan İSGƏNDƏRLİ