İsrail HƏMAS-ın ardınca Hizbullahı başsız qoyur, İran isə seyr edir - SƏBƏB

 17:48 30.09.2024     252

Livanda Hizbullah lideri Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsi, Yaxın Şərqdə müharibəni daha da qızışdıracaq amillərdən oldu.

Bəzi ekspertlər hesab edirlər ki, İsrailin Qəzzanın ardınca Livana və həmçinin Yəmənə hücumları bölgədə vəziyyəti daha da alovlandıracaq.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Natiq Miri bildirdi ki, İsrailin əsas məqsədi Hizbullahı başsız qoymaqdır:

"Hizbullahın başsızlaşdırılması taktikası həyata keçirilir və bu da çox ciddi kəşfiyyat məlumatlarına əsaslanır. Bu o deməkdir ki, bu günə qədər Hizbullahın daxilində Mossad tərəfindən çox ciddi şəkildə kəşfiyyat şəbəkəs yaradılıb. Hərbi kəşfiyyatın əldə etdiyi dəqiq məlumatlar sayəsində Hizbullahın lideri Nəsrullahı məhv edə bildilər. Bununla paralel Hizbullahın bütün liderləri, hərbi komandirləri məhv edilib, başsız qalmış bir qurumun bundan sonra ciddi fəaliyyət göstərməsi çox çətindir. Üstəlik, bu gün Hizbullah sıralarında İrana qarşı çox ciddi etirazlar mövcuddur. Düşünürlər ki, həm Hizbullah, həm də HƏMAS-ı və onların bilavasitə liderlərinin öldürülməsi məsələsini İran həm ABŞ, həm də İsrailə əvvəlcədən razılaşdırıb. Bunu böyük xəyanət kimi dəyərləndirirlər. Üstəlik, bir də İran özünə yaxın saydığı bu qədər liderlərin öldürülməsi fonunda İsrailə qarşı yalnız sözdə qisas əməliyyatları ilə çıxış edir. Əməldə isə biz belə bir əməliyyatı görmürük. Ona görə də bir çox suallar var və bu sualların içərisində bir tərəfdə İsrail bu təşkilatları başsız vəziyyətə qoyursa, başqa bir tərəfdən İranı da müəyyən mənada neytrallaşdırmış kimi görünür".

Qarabağla bağlı vəziyyətdən çıxarın – “İlin sonuna lazımdır, yoxsa...” » Sedanews.az

Politoloqun sözlərinə görə, İsrail Hizbullahı demək olar ki, məğlub edib.

"Hizbullah kimi böyük bir təşkilat artıq zərərsizləşdirilmiş kimi görsənir. Üstəlik, bir də İranın bu şəkildə fəaliyyətsizliyi hər hansı bir kənar müdaxiləni, xüsusilə də İranın prosesə müdaxiləsi mümkünsüz kimi göstərir. Müharibənin əhatə dairəsini genişlətmək və İranı prosesə cəlb etmək istəyirlər. Çünki İranın prosesə birbaşa cəlb olunması, dolayısı ilə ABŞ, Böyük Britaniya kimi İsrailin müttəfiqlərini də İrana qarşı müharibəyə daxil olmağa sövq edəcək. Bununla da İsrail rəhbərliyi İsrailə təhlükə törədəcək bütün mərkəzlərin, HƏMAS, Hizbullah, Suriyada, eyni zamanda İraqda fəaliyyət göstərən bütün mərkəzlərin ləğv olunmasına, eyni zamanda İranın zərərsizləşdirilməsinə birdəfəlik nail olmaq istəyir. Eyni zamanda bu prosesin içərisində bir də müəyyən siyasi niyyətlər də var. Belə bir müharibənin Amerikada baş tutacaq prezident seçkilərinə qədər baş tutması, bu, demokrat hakimiyyəti üçün heç də ABŞ cəmiyyəti tərəfindən xoş qarşılanmayacaq. Yəni belə bir vəziyyət dolayısı ilə Netanyahunun müttəfiqi olan Donald Trampın seçilməsi üçün yolları təmizləyir", - deyə Natiq Miri qeyd etdi.

Türkan İSGƏNDƏRLİ