Rusiyaya səfir təyin edilən Rəhman Mustafayev kimdir? - DOSYE

 15:08 01.10.2024     171

Prezident İlham Əliyev Rusiya Federasiyasına fövqəladə və səlahiyyətli səfir təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən Rəhman Sahib oğlu Rusiyaya səfir təyin edilib.

Rəhman Mustafayev kimdir?

Redaktor.az xəbər verir ki, o, 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980–1985-ci illərdə Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb, 1985–1987-ci illərdə hərbi xidmətdə olub. 

İş həyatına 1993-cü ildə başlayıb. Belə ki, R.Mustafayev bir il Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib. 1994–1997-cı illərdə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi kimi işini davam etdirib. 1997–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub. Bir az ara verdikdən sonra isə 2000–2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir olub. 2006-cı ilin may-noyabr aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini vəzifəsinə keçib. 2006-cı ilin noyabrından 2009-cu ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olub.

Diplomatik fəaliyyətinə nəzər salsaq, Rəhman Mustafayev Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə Yunanıstan Respublikasındakı və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq, 2017-2022-ci illərdə Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

2022-ci ildən bu günə kimi o, Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri çalışıb. 

Redaktor.az