"Livanın ərazi bütövlüyünə qəsd İsrailə beynəlxalq təzyiqi artıra bilər" - AÇIQLAMA

 16:40 01.10.2024     397

"Livanın cənubunda aparılacaq əməliyyatlar Qəzzadakı kimi olmayacaq. Livanın cənubunun digər ölkələrlərlə də quru sərhədləri var, ötən illər ərzində burada logistik şəbəkə qurulub. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, buradakı əməliyyatlar lokal ola bilər".

Bu sözləri Redaktor.az-a Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, politoloq Vüqar Zifəroğlu İsrail ordusunun Livan ərazisinə hücumlarını şərh edərkən dedi. Onun sözlərinə görə, İsrailin əsas hədəfi Suriya bölgələrində fəaliyyət göstərən İran qüvvələridir.

"Biz hazırda İsrailin bölgədə İranın dəstəklədiyi proksi qüvvələrə qarşı ardıcıl əməliyyatlarının şahidi oluruq. Zatən, ötən il Qəzzada savaş başladıqdan sonra belə bir gedişatının olacağı proqnozlaşdırılmışdı. Söhbət İranın təsiri altında olan “Şiə halqası”nda əməliyyatların aparılmasından gedir. Buna görə də Livana paralel olaraq, İsrail Suriya ərazisinə də aviazərbələr endirir. Hədəfə alınan bölgələrdə də İranın proksi qüvvələri fəaliyyət göstərir, əsas hədəflər də onlardır.

Prosesin davamlı şəkildə gedəcəyini də söyləmək olar. Bu çərçivədə bir neçə gün əvvəl “Ənsarallah”ın Yəməndəki mövqelərinə qarşı da əməliyyatlar aparıldı. Bütün bunlar göstərir ki, İsrail bu istiqamətdə əməliyyatları davamlı şəkildə aparmaq niyyətindədir".

Politoloq qeyd etdi ki, Livanın ərazi bütünlüyünə qəsd İsrailə beynəlxalq təzyiqi daha da artıra bilər.

"Lakin burada başqa bir sual da ortaya çıxır ki, Livanın cənubu nə qədər uzunmüddətli əməliyyatlar üçün münbitdir. Livanın cənubunu Qəzza ilə eyni tutmaq olmaz. Livanın cənubunda kifayət qədər gücləndirilmiş istehkamlar var. “Hizbullah” bundan öncə, burada 2006-cı ildə baş verən savaşda İsrailə ciddi itkilər yaşatmışdı. 2006-cı ildən sonra “Hizbullah” Livanın cənubuna tam nəzarəti ələ keçirib və bölgədə ciddi şəkildə möhkəmlənə bilib.

İsrail də itkilərinin çox olması və prosesin genişlənməsini istəmir. Digər tərəfdən Livanın ərazi bütünlüyünə qəsd kimi səciyyələnə biləcək hər hansı bir addım, Qəzzadan sonra İsrailə beynəlxalq təzyiqi daha da artıra bilər. Netanyahu hökumətinə isə daxildə də müəyyən siyasi təzyiqlərin olduğunu nəzərə alsaq, buna gedəcəkləri ehtimalı aşağıdır", - deyə Vüqar Zifəroğlu bildirdi.

Türkan İSGƏNDƏRLİ