"Yaxın Şərqdə dünya müharibəsinin əlamətləri müşahidə olunur" - AÇIQLAMA
Hazırda dünyanın gözü Yaxın Şərqdəki müharibədədir. Dünən İranın İsrailə hücumları bu münaqişənin genişlənməsinə gətirib çıxardı.
Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi ekspert Elşad Mirbəşiroğlu bildirdi ki, Yaxın Şərqdəki İsrail-Fələstin məsələsinin çox ciddi bir gərginliyə, qarşıdurmaya gətirib çıxaracağı proqnozlaşdırılan idi:
"Xüsusilə də İranda HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsindən sonra münaqişə alovlandı. Bu belə qalmamalı idi. Bununla da İran və İsrail arasında açıq qarşıdurma başlayıb. Artıq regionun bir sıra ölkələrinin iştirak etdiyi silahlı qarşıdurma yaranıb. Münaqişənin içərisində Livan birbaşa iştirakçıdır, Suriya bitərəfdir ancaq onun ərazilərinə də zərbələr endirilir. Amerika Birləşmiş Ştatları da proseslərin birbaşa içərisindədir. Çünki İrandan atılan raketlərin zərərsizləşdirilməsində Amerika donanması da iştirak edir. Ərəb ölkələri də proseslərə bu və ya digər səviyyədə müdaxilə edirlər. Yəni regional silahlı qarşıdurma əlamətləri ilə özünü göstərir. Hesab edirəm ki, daha da ciddi eskalasiya olacaq. Çünki ortada açıq qalan məsələlər mövcuddur və indiki şərtlər daxilində o açıq qalan məsələlərə hər hansı bir formada aydınlıq gəlməlidir".
Ekspertin sözlərinə görə, Yaxın Şərqdə dünya müharibəsinin əlamətləri müşahidə olunur.
"Nəzərə almaq lazımdır ki, baş verənlər həm də qlobal geosiyasi qarşıdurmanın fəsadlarıdır. Çünki regiondan kənarda yerləşən qüvvələr də pərdəarxası proseslərə bu və ya digər səviyyədə təsir edir. İsrail tərəfi sərt cavab reaksiyası nümayiş etdirəcəyini bildirir. İran tərəfi də cavab reaksiyasının olacağı təqdirdə daha sərt addımlar atacağını bildirir. Bunun üçün hərbi qüvvələrini tam hazırlıq şəraitinə gətirirlər. Düşünürəm ki, İranda nüvə obyektlərinin və hərbi bazaların hədəf alınacağı gözləniləndir. İran tərəfi də cavab tədbirləri görəcək. Yəni çox ciddi, daha geniş aktyorların iştirakı ilə bir müharibənin olacağından danışmaq üçün əsaslar mövcuddur. Qlobal təhlükəsizlik üçün olduqca ciddi təhdidlər formalaşıb. Bu gün hesab etmək olar ki, bütün dünyanı düşündürən əsas məsələ məhz İranla İsrail arasında baş verənlərdir. Kənar qüvvələrin də birbaşa müdaxiləsi olacağı təqdirdə dünya müharibəsinin əlamətləri müşahidə oluna bilər", - deyə E.Mirbəşiroğlu bildirdi.
Türkan İSGƏNDƏRLİ