"Ərdoğanın Yaxın Şərqlə bağlı fikirləri əsassız deyil" - Deputat

 17:51 02.10.2024     424

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün çıxışında bildirib ki, Livandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq.

Bəs İsrailin Türkiyəyə hücumu üçün əsas varmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Ərdoğanın ölkə təhlükəsizliyini fikirləşməyi təbii haldır.

"Hazırda beynəlxalq münasibətlər sistemində çox dərin dalğalanmalar baş verir. Alışdığımız sistemin təməl daşları sarsılır və heç şübhəsiz ki, ən həssas regionlardan biri də Yaxın Şərq və ətraf ərazilərdir. Belə olan halda, heç şübhəsiz ki, milli təhlükəsizliyini qorumaq üçün, milli təhlükəsizlik məsələlərini daha da möhkəmləndirmək üçün hər bir dövlət başçısından tarixi məsuliyyət tələb olunur. Ona görə də mən düşünürəm ki, qardaş Türkiyə Cümhuriyyəti Yaxın Şərqlə birbaşa qonşu olduğu üçün orada baş verən hər hansı bir hadisə mütləq bu və ya digər formada Türkiyəni də əlaqədar edir".

Deputatın sözlərinə görə, Ərdoğanın bu fikri səsləndirməsinin əsasları var.

"Əlbəttə ki, İsrail-Türkiyə münasibətlərinə gəldikdə isə, biz arzu edərik ki, ən yüksək səviyyədə olsun. Amma hər bir dövlətin öz milli maraqları var və hər bir dövlətin dövlət başçısı öz dövlətinin təhlükəsizlik məsələlərini ən yaxşı bilən şəxsdir. Ona görə də qardaş ölkənin prezidenti belə bir fikir səsləndirirsə, bunun müəyyən əsasları ola bilər, amma ümidimiz, arzumuz həm də odur ki, bizim də aid olduğumuz və müsəlman Şərqində bundan sonra alacağımız xəbərlər, müharibə yox, sülh xəbərləri olsun", - deyə Hikmət Babaoğlu bildirdi.

Türkan İSGƏNDƏRLİ