"Paşinyan Zəngəzur dəhlizi ilə bağlı Makrondan yardım istəyəcək" - AÇIQLAMA

 17:27 03.10.2024     88

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib. Paşinyan səfər vaxtı Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.

Onlar görüş vaxtı hansı məsələlərə toxunacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, Paşinyan və Makronun əsas müzakirə mövzusu Azərbaycan olacaq:

"Paşinyanın Fransaya səfəri və Makronla görüşü zamanı müzakirə olunacaq məsələlərin böyük əksəriyyəti Azərbaycanla bağlı olacaq. İlk növbədə, təbii ki, sülh sazişi müzakirə olunacaq. Sülh sazişinin razılığa gəlinməyən bəndləri barədə müzakirələr keçiriləcək, Ermənistanın hərbi qüvvə gücünün artırılması zəruriliyindən danışılacaq. Paşinyan yəqin ki, yeni silahlarla bağlı xahişlərini söyləyəcək və bu prosesin sürətləndirilməsini istəyəcək. Eyni zamanda Azərbaycana qarşı təzyiqlərin artırılmasını yəqin ki, xahiş edəcək. Fransa onsuz da dəfələrlə bəyan edib ki, bəzi məsələlərdə Azərbaycana təzyiqlər göstərməyə cəhd göstərilib".

Ukraynadan sonra növbə Ermənistana çatacaq: Sülh İrəvana hava-su kimi  lazımdır

Politoloqun sözlərinə görə, Fransa və Ermənistan Azərbaycana təzyiqlərin artırılmasını istəyəcək:

"Fransa Prezidenti Makron xüsusilə Qarabağla əlaqədar müzakirələrdə Paşinyandan daha kəskin mövqe tutub. Görünür, Paşinyan bu istiqamətdə Makronun daha aktiv hərəkət etməsini ümid edir ki, əgər Fransa təzyiq göstərsə, bəlkə razılaşdırılmayan üç bəndin razılaşdırılması, yaxud o bəndlər olmadan sülh sazişinin imzalanması mümkün ola bilər. O, həm də Zəngəzur dəhlizinin qarşısının alınması istiqamətində Makronun yardımını istəyə bilər, Ermənistanın təklif etdiyi sülh kəsişməsi deyilən planın icrasına yardım etməsini xahiş edə bilər. Bir sözlə, Paşinyanın xahiş edəcəyi məsələlər kifayət qədərdir və yəqin ki, görüşün əsas vaxtı bu xahişlərə həsr olunacaq".

Türkan İSGƏNDƏRLİ