"Gəncənin atəşə tutulması hərbi cinayətlərin ən kobud formalarındandır" - Deputat
Gəncə şəhərnin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasından 4 il ötür. Məğlubiyyətlə barışa bilməyən düşmən həmin vaxt acığını mülki şəxslərə zərbə endirməklə çıxdı.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Naqif Həmzəyev bildirdi ki, döyüş bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin uzaqmənzilli raketlərlə atəşə tutulması hərbi cinayətlərin ən kobud formalarından biri idi.
"44 günlük Vətən müharibəsinin gedişində çox təəssüflər olsun ki, biz növbəti dəfə Ermənistan silahlı qüvvələrin və separatçıların hərbi cinayətlər törətməsinə şahidlik etdik. Gəncə ilə yanaşı, Mingəçevir, Naftalan, Goranboy, Bərdə rayonlarına da uzaqmənzilli raketlər atıldı. Nəticə etibarilə çoxlu sayda dinc sakinimiz şəhid oldu, yaralandı. Gəncəyə atılan uzaqmənzilli raketlər nəticəsində şəhər infrastrukturuna çox böyük ziyan dəydi və Ermənistan tərəfi bu hərbi cinayətlərlə məğlubiyyətlərini ləngitmək və öz təbirincə, dinc sakinləri qorxudaraq döyüşlərin gedişində bir dönüş yaratmaq istəyirdilər. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan xalqı sonuna qədər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin yanında oldular və ordumuzun arxasında oldular. Bu nankor hücumdan zərrə qədər qorxmayan, çəkinməyən gəncəlilər də sonuna qədər Azərbaycan Silahlı Qüvvələrinin vuruşmasını və torpaqlarımızın işğaldan azad edilməsini istədilər. Şükürlər olsun məhz 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin zəfər çalması, torpaqlarımızın işğaldan azad olunması nəticəsində bizim bütün şəhidlərin, o cümlədən məhz Ermənistan tərəfindən həyata keçirilmiş bu hücumlar nəticəsində şəhid olmuş dinc sakinlərimizin də qisasları layiqincə, ləyaqətli və ədalətli formada alındı".
Deputatın sözlərinə görə, həmin ərazilərdə terror qurbanlarının xatirəsinin əbədiləşdirilməsi nəticəsində gələcək nəsillər də tariximizdən xəbardar olacaq.
"Bütün bunlara baxmayaraq, biz qətiyyən başımıza gətirilmiş bu müsibətləri unutmamalıyıq. Bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Gəncə şəhərində məhz terror qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün Xatirə Muzey kompleksi, Park kompleksi tikilir və bunun təməli qoyulub. Biz inanırıq ki, məhz bu komplekslər sayəsində gələcək nəsillər də başımıza gətirilmiş bu müsibətləri daha dərindən öyrənə biləcəklər və biz hətta növbəti onilliklərdə sülh içində yaşasaq da, əmin-amanlıq olsa da, qətiyyən bunları unutdurmamalıyıq və bu torpağın işğaldan azad olunması üçün müharibənin gedişində verdiyimiz bütün şəhidlərin xatirəsini həmişə uca tutmalıyıq və çalışmalıyıq. Həmişə güclü olaq ki, bir daha kimsə cəsarət edib bizə qarşı bu müsibətləri törətməsin", - deyə N.Həmzəyev yekunlaşdırdı.
Türkan İSGƏNDƏRLİ