“ABŞ Azərbaycana münasibətdə siyasi riyakarlıq və mənəviyyatızlıq sərgiləyir”

 17:07 05.10.2024     246

“ABŞ Azərbaycana münasibətdə siyasi riyakarlıq və mənəviyyatızlıq sərgiləyir”.

Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov deyib. Təşkilat sədri qeyd edib ki, “2024-cü il Arsax gəlirlərinin bərpası haqqında Akt” adlı qanun layihəsinin müəllifi olan ABŞ konqresmeni Adam Şiffin məlum təşəbbüsü bu ölkənin Azərbaycana qarşı ədalətsiz münasibətinin təsdiqidir:

“2024-cü il Arsax gəlirlərinin bərpası haqqında Akt” adlı qanun layihəsi ABŞ-ın dünyanın digər bölgələrində olduğu kimi, regionumuzda baş verən hadisə və proseslərə də beynəlxalq hüquq aspektindən deyil, öz maraqları baxımından yanaşdığını göstərir. Bu akt bir daha sübut edir ki, Ağ Ev ədalətin təntənəsində deyil, öz dövlət maraqlarının təminində maraqlıdır və bunun üçün beynəlxalq qanunları ayaq altına atmaqda əsla tərəddüd etmir. Bu baxımdan, ABŞ konqresmeni Adam Şiffin müəllifi olduğu “2024-cü il Arsax gəlirlərinin bərpası haqqında Akt” adlı qanun layihəsi ABŞ-ın Azərbaycana qarşı növbəti ədalətsiz münasibəti, tarixi-siyasi reallıqların təhrifidir.

Bir faktı da qeyd edim ki, 2023-cü ildə lokal antiterror tədbirlərindən sonra Qarabağa səfər edən BMT missiyası bu ərazidə Azərbaycan Ordusunun heç bir mülki infrastruktura ziyan vurmadığını, mülki əhalinin anti-terror tədbirlərindən zərər görmədiyini vurğulamış, bunu öz hesabatına daxil etmişdir. BMT-nin məlum hesabatı Adam Şiffin hazırladığı qanun layihəsinin absurd olduğunun isbatıdır”.

Polkovnik Cəlil Xəlilov Cəbrayıl şəhərində sakinlərlə görüşündə Prezident İlham Əliyevin ABŞ əleyhinə səsləndirdiyi tənqidlərə də toxunub.

“Bildiyiniz kimi, Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşündə ABŞ-ın Azərbaycan əleyhinə siyasətini tənqid etdi, bu siyasətin əsl mahiyyətini ortaya qoydu. Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, ABŞ lazım gələndə sanksiya tətbiq edir, lazım gələndə isə onu müvəqqəti olaraq ortadan qaldırmaqla dost maskasını taxır. Bütün bu davranışlaırn kökündə isə ABŞ maraqlarının müdafiəsi dayanır.

Şübhəsiz, hər bir dövlət öz milli maraqlarının keşiyində durur və burada qeyri-adi heç nə yoxdur. Lakin bu maraqları beynəlxalq hüququ pozmaq, haqlı tərəfə münasibətdə ədalətsiz mövqe sərgiləmək, qanun və demokratiya anlayışlarını imitasiya etmək hesabına təmin etmək yolverilməzdir. Bu, əxlaqi baxımdan olduğu kimi, siyasi etika baxımından da qəbuledilməzdir. Ağ Ev bilməlidir ki, bu cür ikili, riyakar siyasət ABŞ-ın öz imicinə mənfi təsir edir və onu gözdən salır. Və çətin ki, ABŞ bu cür siyasətlə bölgəmizdə və dünyada hörmət qazana bilsin”.