"Dövlətimizə qarşı hörmətsizlik gətirən davranışlara dözə bilmərik" - Komitə sədrindən ABŞ-yə ETİRAZ
Xəbər verdiyimiz kimi, VII çağırış Milli Məclisin bir qrup depuatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək, ABŞ ilə sazişlərə xitam verilməsini təklif ediblər.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Fazil Mustafa bildirdi ki, bu təklif kifayət qədər optimal və Azərbaycan maraqlarını müdafiə edən bir təklifdir.
"Çünki biz əslində Amerika Birləşmiş Ştatları ilə dostluq, normal əməkdaşlıq münasibətinə üstünlük verən ölkələrdənik və Azərbaycan Şərqdə yeganə dünyəvi prinsipləri uca tutan ölkələrdən biri kimi qəbul olunur və ona görə də bizim dəyərlər də yaxındır. Amma birdən-birə Amerika Birləşmiş Ştatlarında başıpozuq erməni çətəsinin təmsilçiləri elə bir rəy yaradıb və Dövlət Departamentinə, başqa qurumlara da təsir göstərirlər ki, ermənilərə görə Azərbaycanla münasibətləri pozmaq lazımdır və bunun üçün də Azərbaycana qarşı tətbiq olunan hansısa məhdudlaşdırıcı qərarlar təbii ki, Azərbaycanı incidir. Ona görə də biz də əməkdaşlıq istəyən dövlətlərlə sıx əməkdaşlığa maraqlıyıq, istəməyən dövlətlərlə də hər hansı bir düşmənçilik niyyətimiz yoxdur. Amma bütövlükdə öz dövlətimizin maraqlarını qorumaq üçün addımlar atmaq məcburiyyətindəyik. Ona görə də bu istiqamətdə məncə hər şey ABŞ-də daha əqli-səlim düşünməkdən asılıdır. Yəni durub-durub da, birdən-birə hansısa bir erməni təxribatlarına uyaraq belə bir addımlar atılması Azərbaycanı təbii ki, narazı salır".
Deputatın sözlərinə görə, Azərbaycanın burada ali dövlət maraqlarını nəzərə alaraq ölkəmizə qarşı xoş niyyətli olmayan addımlara öz cavabımızı verməliyik.
"Bu baxımdan da mən də o sənədi imzalamışam və hesab edirəm ki, biz bu münasibətlər məsələsinə hər hansı bir şəkildə zədələyici addım atmağa maraqlı deyilik. Amma eyni zamanda da bizim ərazi bütövlüyümüzə, dövlət şəxsiyyətimizə hörmətsizlik gətirən davranışlara da təhəmmül etməyi düşünmürük. Ona görə Azərbaycanın burada ali dövlət maraqlarını nəzərə alaraq biz də bizə qarşı xoş niyyətli olmayan addımlara öz cavabımızı vermək məcburiyyətindəyik. Birləşmiş Ştatlar bizi özünə tərəfdaş bir ölkə kimi görürsə və bizi incidəcək addımlar atmağa maraqlı deyilsə, biz həmişə bu əməkdaşlığı inkişaf etdirməyə hazırıq. Yəni belə bir problemimiz yoxdur. Bu, bizdən asılı olmayan bir məsələdir. Çünki həm də ki, durub-durub da biz Amerika Birləşmiş Ştatlarının hər hansı bir maraqlarına qarşı hansısa bir addım da atmamışıq. Amma sadəcə filan erməninin hansısa bir problemi varsa, bunun Amerika dövlətinə nə dəxli? Bunun üzərinə Azərbaycanı ittiham eləmək ədalətsizlik deyilmi? Ona görə də bu məsələlərə hər halda bir az daha diqqətlə yanaşılması problemləri ortadan rahatlıqla qaldırar və bu, neqativ yüklənməni də azalda bilər", - deyə Fazil Mustafa bildirdi.
Türkan İSGƏNDƏRLİ