"Xocalı soyqırımı zamanı ABŞ konqresmenləri harada idi?" - Vitse-spiker
"Onlar başa düşməlidirlər ki, insan hüquqlarından danışarkən Qərbi Azərbaycanda - tarixi torpaqlarından vəhşicəsinə qovulan, dağlarda və daşlarda həyatlarını itirən, Xocalıda soyqırıma məruz qalanlar da yaşamaq haqqına sahib idilər. Bəs o zaman həmin konqresmenlər harada idi?"
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin sədr müavini Musa Qasımlı deputatların xarici işlər naziri Ceyhun Bayramova ABŞ ilə sazişlərə xitam verilməsi barədə müraciətini şərh edərkən dedi. Onun sözlərinə görə, ABŞ konqresmenləri Azərbaycanın müstəqil xarici siyasət yürütməsini istəmirlər:
"Milli Məclisin bir qrup deputatının xarici işlər naziri Ceyhun Bayramova müraciət ünvanlamasının səbəbləri aydındır. Amerika Birləşmiş Ştatları Senatının 10, Konqresinin 48 üzvünün dövlət katibi Entoni Blinkenə ünvanladığı müraciət yaranmış vəziyyətin əsas səbəbidir. Konqresmenlərin ünvanladığı müraciət beynəlxalq hüququn, haqq və ədalətin ayaqlar altına atılmasıdır. Onlar Azərbaycanın müstəqil xarici siyasət yürütməsini, işğal altında qalmış torpaqlarını azad etməsini istəməyən şəxslərdir. Konqresmenlərin bu müraciəti Amerika Birləşmiş Ştatlarını gözdən düşürür. Xocalı qatilləri, terrorçular Azərbaycan ərazisində hansı işi görmüşdülərsə və bu gün müvafiq dövlət orqanlarımız tərəfindən saxlanılıblarsa, bu, Azərbaycan qanunlarına və beynəlxalq hüquqa tamamilə uyğundur".
Vitse-spiker qeyd etdi ki, terrorçulara qarşı Azərbaycanın atdığı addımlar tamamilə düzgündür.
"Onların Nyu-Yorkda Dünya Ticarət Mərkəzini partladan terrorçulardan heç bir fərqi yoxdur. Dünyada yaxşı və pis terrorçu olmamalıdır. Konqresmenlərin müraciəti Amerika Birləşmiş Ştatlarının maraqlarına ziddir. Yaranmış vəziyyətin səbəbkarı Azərbaycan deyildir. Bütün bunlar üçün məsuliyyət belə addımları atan şəxslərin və qurumların üstünə düşür. Onlar Cənubi Qafqazı yenidən qarışdırmaq istəyirlər. Belə olduğu halda Azərbaycanın atdığı addımlar tamamilə düzgündür. İstənilən dövlət Azərbaycanla yalnız bərabərhüquqlu münasibətlər qura bilər. Azərbaycanla hökm dili ilə danışmağı kimsə qəbul etmir. Ona görə də Milli Məclis deputatlarının xarici işlər nazirinə ünvanladığı məktub ictimaiyyətin ürəyincədir", - deyə Musa Qasımlı bildirdi.
Türkan İSGƏNDƏRLİ