"Azərbaycan ABŞ-nin ştatı deyil" - Deputat: "Bizə deyir ki, yarımçıq sülh müqaviləsini imzalayın"
"Amerika Birləşmiş Ştatları (ABŞ) uzun illərdir ki, dünya jandarmı rolunu oynamaq iddiasındadır və özü üçün bu yolu seçib. Hələ də bu yolla gedir. Bu da onun müstəmləkəçilik, işğalçılıq niyyət və siyasətindən xəbər verir".
Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı Elman Məmmədov Prezident İlham Əliyevin Cəbrayıl sakinləri ilə görüşü zamanı ABŞ-nin Aərbaycana sanksiyaları barəsində çıxışını şərh edərkən dedi. Onun sözlərinə görə, ABŞ əzəldən bəri soyqırımla məşğuldur:
"Amerika Birləşmiş Ştatlarının tək Azərbaycana qarşı yox, ümumiyyətlə, bütün dünya ölkələrinə qarşı iddiası bundan ibarətdir ki, hamı onun istədiyi kimi, onun dediyi kimi hərəkət etməlidir, yaşamalıdır. ABŞ-nin 250-300 il bundan qabaqkı tarixinə baxaq. Bugünkü özlərini amerikalılar adlandıran kimlərdir? Bunların əcdadları kimlərdir? İngilislər, ispanlar, portuqallar, almanlar, niderlandlar, fransızlar, kimlər-kimlər və bunlar bu gün Amerika Birləşmiş Ştatları adlanan ərazini işğal edib, oranın yerli əhalisinə qarşı soyqırımlar törədib. Özlərinin qanında, genində, əcdadlarından qalma, müstəmləkəçilik, işğalçılıq var və bu gün də davam edir. Amerika Birləşmiş Ştatları yaxın tariximizdə - 1992-ci ildə ermənilər Azərbaycan torpaqlarını işğal edəndə, Xocalıda Azərbaycan xalqına qarşı soyqırım törədəndə, işğalçıya qarşı yox, soyqırım törədənə qarşı yox, Azərbaycana qarşı sanksiya tətbiq etdi. Bu da Amerika Birləşmiş Ştatlarının "ədalətini" göstərdi. Amerika Birləşmiş Ştatları özünə nə, necə sərf edirsə, onu diktə edir ki, mən belə istəyirəm. Ancaq Azərbaycan Amerika Birləşmiş Ştatlarının müstəmləkəsi, ştatı deyil. Azərbaycan müstəqil dövlətdir, özünün müstəqil siyasəti var".
Deputat qeyd etdi ki, Azərbaycanın yarımçıq sülh müqaviləsini imzalamaması ABŞ-nin xoşuna gəlmir.
"Amerika Birləşmiş Ştatları uzun illər ATƏT-in Minsk qrupunun üzvlərindən, həmsədrlərdən biri oldu. Fransa ilə birlikdə onlar imkan vermədilər ki, Azərbaycan torpaqları işğaldan azad olunsun, Birləşmiş Millətlər Təşkilatının məlum dörd qətnaməsi icra olunsun. Azərbaycan dörd qətnaməni icra etdi. Azərbaycan heç kimin ərazisini işğal etməyib, əksinə, öz ərazilərini işğaldan azad edib, ərazi bütövlüyünü, suverenliyini tam təmin edib. Təbii ki, Azərbaycan Fransanın və digərlərinin diktəsi ilə hərəkət edən deyil. Azərbaycan beynəlxalq qayda-qanunlarla, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və öz Konstitusiyasına uyğun olaraq özünün ərazi bütövlüyünü təmin edib. Vaxtikən indiki Ermənistana dünyanın müxtəlif yerlərindən köçürülüb, ora yığışmış ermənilər bu gün torpaq iddiasındadırlar. Bu gün Amerika Birləşmiş Ştatları deyir ki, ermənilərin dediyi kimi yarımçıq sülh müqaviləsini imzalayın. Halbuki Ermənistanın konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. Azərbaycan isə tələb edir ki, bizim daxili işlərimizə qarışmayasınız. Bu, Amerika Birləşmiş Ştatlarının xoşuna gəlmir. Cənab Prezidentimiz Amerika Birləşmiş Ştatlarının qanundankənar, ədalətsiz, haqsız tələblərini ifşa edir və haqq səsini qaldırır. Biz də Milli Məclisin deputatları olaraq hər birimiz öz münasibətimizi bildirərək, Azərbaycan Respublikasının xarici İşlər nazirinə müraciətimizi göndərmişik ki, Amerika Birləşmiş Ştatları ilə münasibətlərə, onların Azərbaycanda fəaliyyət göstərən müəyyən qurumlarına qarşı münasibətlərə yenidən baxılsın", - deyə Elman Məmmədov bildirdi.
Türkan İSGƏNDƏRLİ