"ABŞ öz davranışları ilə bizim qələbəmizi həzm etmədiyini təsdiqləyir"
"Amerika Birləşmiş Ştatları sözdə çox şey danışa bilər. Amma həmişə sözlə əməlin ziddiyyətini görmüşük. Həmişə Azərbaycana qarşı selektiv yanaşma olub. Biz bunun ən çirkin formasını işğal dövründə, 30 il ərzində görmüşük".
Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı Könül Nurullayeva ABŞ-nin Azərbaycana qarşı olan qərəzli siyasətini şərh edərkən dedi. Onun sözlərinə görə, Birləşmiş Ştatlar davranışları ilə bizim qələbəmizi həzm etmədiyini təsdiqləyir:
"Prezident İlham Əliyev dəfələrlə bu qərəzin cavabını verib, bu məsələ ilə bağlı ən yüksək tribunalardan bəyan edib. Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra isə bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Yəni, ABŞ üçün yalnız “öz maraqları” anlayışı var. “İnsan haqları” isə hər zaman təzyiq vasitəsi kimi istifadə olunur. Müharibə canilərini, separatçıları müdafiə etməyin adı nədir? Biz öz gücümüzə öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik".
Deputat qeyd etdi ki, heç bir təzyiq bizim iradəmizə təsir edə bilməz.
"Onlar “Böyük laylar”ın tərpədilməsini qəbul edə bilmirlər. Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında maraqlı deyillər. Bu regionda münaqişə vəziyyətindən istifadə edib, öz maraqlarını diktə etmək, öz bölgülərini etmək niyyəti güdürlər. Azərbaycan isə öz müstəqilliyi ilə, öz iradəsi ilə bu məkrli planı pozur. Amma cənab Prezidentin də bəyan etdiyi kimi, heç kim bizimlə diktə dilində danışa bilməz. Heç bir təzyiq bizim iradəmizə təsir edə bilməz. Cəmiyyətimiz haqlı olaraq, Azərbaycana qarşı şantaj və irqi ayrı-seçkilik siyasətini, eləcə də regionda yeni münaqişə yaratmaq cəhdlərini dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edir", - deyə Könül Nurullayeva bildirdi.
Türkan İSGƏNDƏRLİ