"ABŞ Azərbaycana təzyiq göstərməklə, sülh müqaviləsini imzalatmağa çalışır"

 17:33 09.10.2024     293

ABŞ-nin Azərbaycana qarşı sanksiya tətbiq etmək istəyi orada keçirilən seçkilərlə bağlıdır.

Bunu Redaktor.az-a açıqlamasında politoloq Əli Mustafa bildirdi. Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında olan münasibətlərin sərinləməsi, hətta müəyyən gərginlik müşahidə olunması bizim milli maraqlarımıza, dövlət maraqlarımıza uyğun deyil:

"Xüsusilə bizim Ermənistanla olan qarşıdurmamız, Rusiya, İranla bağlı ənənəvi rəqabət şəraiti, ziddiyyətlər və s. belə belə bir məqamda həm də indi Birləşmiş Ştatlarla qarşıdurma, əlbəttə, bizim üçün əlavə risklər və arzu olunmayan perspektivlər vəd edir. Ona görə də, əlbəttə, mən düşünürəm ki, bu münasibətlərin nizama salınması, ümumiyyətlə, sanksiyalarla bağlı Azərbaycana hansısa təzyiqlərin olmaması daha yaxşı olardı. Hərçənd də belə yanaşmalar vardı ki, ümumiyyətlə, indiyə qədər Azərbaycana qarşı Konqresdə dəfələrlə müəyyən sanksiya, təşəbbüslər olub, onun qarşısını Dövlət Departamenti alıb. İndi nə baş verir ki, Dövlət Departamenti özü qabağa düşdü? Böyük ehtimalla bu, ABŞ-də keçirilən seçkilərlə bağlıdır. Bu seçkilər olduqca strateji əhəmiyyət daşıyır. Burada yalnız yeni prezident seçilmir. Amerikanın inkişaf strategiyası, inkişaf xətti müəyyənləşir və hətta deyərdim ki, dünyanın gələcəyi ilə bağlı sanki çox mühüm bir qərar verilir. Yəni kim prezident seçiləcəksə, onun müəyyənləşdirdiyi dəsti-xətt dünyanın gələcəyini müəyyənləşdirəcək. ABŞ-də ona görə də bu seçkilərə son dərəcə ciddi bir həssaslıqla yanaşırlar və seçki dönəmində demokratlar hakimiyyətdə olduqları üçün onlara daha çox divident lazımdır. Çünki hakimiyyətdə olan partiyadan xalqın gözləntiləri çoxdur. Bu baxımdan da, müxalifəti daha rahat tənqid edə bilir. Müxalifətin məsuliyyəti yoxdur. Bu baxımdan Tramp özünü bu gün daha komfort hiss edir".

Politoloqun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülhün imzalanması, Demokratlar Partiyasının nüfuzunu qaldıra bilər.

"Demokratlar üçün sanki əlavə dividentlərə ehtiyacı var və bu baxımdan Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması baş tutarsa, bu, demokratlara çox böyük divident olar. Həm bununla onlar erməni diasporunun səslərini qazana bilərlər, həm də ölkə əhalisinə belə bir mesaj verə bilərlər ki, biz böyük bir münaqişənin bitməsinə fayda verə bildik. Bu, hazırkı administrasiyanın bir uğuru kimi cəmiyyətə təqdim oluna bilər. Onun üzərinə bu piar tətbiq edilə bilər. Amma bu sazişin xüsusilə Azərbaycanın şərtləri səbəbindən imzalanmaması demokratların eyni zamanda, təbii ki, erməni diasporunun xoşuna gəlmir. Çünki onlar bir formada Ermənistanın təhlükəsizliyini zəmanətə almaq istəyirlər. Bəlkə düşünürlər ki, bu sanksiyaların tətbiqi Azərbaycanı bir qədər bu sülh sazişini indiki şərtlər çərçivəsində imzalamağa məcbur edə bilər. Amma Azərbaycan hər zaman bir dəngəli siyasət yeridib. Yəni hər iki blokla, həm Rusiya, həm Qərblə normal əməkdaşlıq edə bilib və məncə, bu, Azərbaycanın maraqlarına daha çox uyğundur", - deyə Əli Mustafa qeyd etdi.

Türkan İSGƏNDƏRLİ