Paşinyanın Moskvada görüşdən imtinası riyakar siyasətin göstəricisidir - Afət Həsənova
Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtinası bir daha göstərir ki, Paşinyan riyakar siyasət aparır, regionda sülhün bərqərar olmasına maneçilik törədir.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.
Millət vəkili bildirib ki, Paşinyan müxtəlif beyəlxalq platformalarda özünü sülh tərəfdarı kimi qələmə verməyə çalışır, Ermənistanın sülhə hazır olduğu barədə uydurma bəyanatlar verir.
“Lakin real əmələ gəldikdə Paşinyan özünü ifşa edir. Bu, Ermənistanın sülhə hazır olması haqda bəyanatlarının riyakarlıq olduğunu, Paşinyanın sülh prosesindən qaçdığını göstərir. Paşinyan bundan öncə də Böyük Britaniya tərəfindən təklif edilən görüşdən imtina etmişdi. Bütün bunlar Ermənistan regionda sülh tərəfdarı olmadığını sübuta yetirir.
Vladimir Putin tərəfindən Moskvada təklif edilən görüşdən imtina eyni zamanda Paşinyanın Rusiyaya qarşı demarşı kimi qiymətləndirmək olar. Görünür Paşinyan Qərbdəki ağalarından tapşırıq alaraq bu cür mövqe sərgiləyir”, - deyə deputat bildirib.
O bildirib ki, Paşinyan bu cür riyakar siyasəti ilə Ermənistanı uçuruma sürükləyir.
“Bu gün regionda sülh hər kəsdən çox Ermənistana lazımdır. Ermənistan bu gün düşdüyü ağır sosial-iqtisadi durumdan çıxması yalnız Azərbaycanla münasibətləri normallaşdırması, regionda sülhün və sabitliyin bərpa olunması ilə mümkündür”, - deyə Afət Həsənova əlavə edib.