"Bu məsələ həll olunmayana kimi sülh müqaviləsi bağlanmayacaq" - Deputat

 16:57 10.10.2024     118

"Zəngəzur dəhlizi məsələsinə aydınlıq gətirilməyənə qədər, bu məsələ əsasən həll olunmayana kimi hesab edirəm ki, sülh müqaviləsinin bağlanması baş tutmayacaq".

Bu sözləri Redaktor.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə Prezident İlham Əliyevin Rusiya səfərini şərh edərkən dedi. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin işə düşməsi məsələsi Azərbaycan Ermənistanla apardığı danışıqların əsas mahiyyətini təşkil edir.

"Çünki bu gün Ermənistanın çalışdığı tələsik, yarımçıq bir sülh müqaviləyə imza atdırmaq, sonra isə əsas məsələlərin həllini ya uzatmaq, ya ümumiyyətlə həllinə şərait yaratmamaq. Bu isə əlbəttə ki, Azərbaycan üçün sərfəli ola bilməz və Ermənistanın Baş nazirinin Azərbaycan Prezidenti ilə Moskvada görüşdən imtina etməsi onun hələ danışıqlara hazır olmadığını göstərir. Çünki danışıqlar ilk növbədə müəyyən nəticəyə gəlmək üçündür. Ancaq Ermənistanın ziqzaqvari hərəkəti, onun başlamış mövqelərdən qaçması onun qəti mövqeyini ortaya qoymasına mane olur".

Deputat qeyd etdi ki, xaricdən Ermənistanı yenidən Azərbaycanla qarşıdurmaya çağırışlar və hərəkətlər var.

"Xüsusilə Fransanın, Hindistanın bu məsələdə mövqeyi aydın görünür. Kiçik bir Ermənistana çoxmilyardlıq silahlar verilməsi, bunun sabah hara istifadə olunacağı sual yaradır. Eyni zamanda Ermənistanda müəyyən dairələr hiss edilir ki, 44 günlük və sonradan bir günlük antiterror əməliyyatının nəticələrini yaddan çıxarıblar. Amma Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, o dərsi yada salsınlar, növbəti alacaqları cavab olduqca ağır olacaq. Ermənistan Azərbaycanla münasibətlərinə qəti, açıq-aydın bir mövqe ortaya qoymalıdır. Həmişə Azərbaycan və Türkiyə ilə sərhədləri bağlanmış şəkildə yaşaya bilməyəcək. Ona inkişaf lazımdır, investisiya lazımdır. Ona dünya bazarına çıxış lazımdır. Bu isə ancaq Azərbaycan və Türkiyə ilə mövcud ola bilər", - deyə Aydın Mirzəzadə vurğuladı.

Türkan İSGƏNDƏRLİ