Ermənistan üçtərəfli bəyanatdan imzasını götürsə, nə baş verər? - AÇIQLAMA

 18:00 10.10.2024     394

Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü, ekspert Vahe Ovannisyan bildirib ki, əgər Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı sənəddən imzasını geri götürsə, bu, Azərbaycana hərbi əməliyyatlara başlaması üçün birbaşa legitim hüquq verəcək. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əziz Əlibəyli bildirdi ki, sənəddən imzanın geri götürülməsi məsuliyyətdən qaçmaq, həm də öhdəliklərdən imtina etmək anlamına gəlir.

"Amma bir az bu mübahisələr qalmaqdadır ki, parlamentlər səviyyəsində imzalanmış kapitulyasiya sazişi paraflanıbmı? Amma şübhə yoxdur ki, paraflanma məsələsinə keçməmişdən qabaq onun real icra qabiliyyətinin ölkənin əsas təmsilçisi olan birinci səviyyəli şəxs tərəfindən imzalanması reallığı imkan verir ki, prosesləri dövlət rəhbərləri özləri aparsın. İndi həqiqətən Ermənistan bu sənəddən imzasını geri götürürsə, bu, onda bütün razılaşmalardan da imtina etmiş deməkdir. Onda Azərbaycan belə başa düşür ki, Ermənistan işğalçıdır, hansı ki, bu reallığı qəbul etmişdi. Deməli, bu da həm də o deməkdir ki, Ermənistan indi reallığı qəbul etmir. İkincisi, Ermənistan revanşizmə rəsmən qayıdır. Üçüncüsü, Ermənistana beynəlxalq hüquq prinsiplərini pozacaq əsaslar verir. Məsələn, dövlətlərin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyünün toxunulmazlığı prinsipi pozulur. Ayrıca da iki tərəf arasında mühüm razılaşmalar da əldə olunub. Axı bu günə qədər onların taleyi necə olacaq? Onda Azərbaycan Prezidentinin dediyi məntiq öz yerini alır ki, Ermənistan belə bir addımlar atarsa, növbəti dəfə dəmir yumruq yerindədir tezisinə qayıdış baş verə bilər".

Politoloqun sözlərinə görə, Azərbaycan Ermənistana qarşı hərbi əməliyyatlara başlamaz.

"Açığı, bu reallıq yalnız bir halda mümkündür ki, Ermənistan rəsmi şəkildə müharibə qərarında qətiləşsin, Azərbaycandan revanş almaq istəsin. Bu da indiki vəziyyətdə, açığı, real görünmür. Amma Ermənistanın xarici siyasətində qalib gəlməyəcəyini bilə-bilə bu cür tryuklar, avantüralar var. Onun istəyi Azərbaycanı təxribata çəkib onu beynəlxalq ictimaiyyətin gözündə haqsız çıxartmaqdır", - deyə Ə.Əlibəyli bildirdi.

Türkan İSGƏNDƏRLİ