Cənubi Qafqazda Azərbaycanla Rusiyanın baxışları oxşardır - Ekspertlər: Moskva İrəvana öz münasibətini daha qabarıq şəkildə göstərməlidir

 17:19 11.10.2024     530

Azərbaycan və Rusiya münasibətləri son vaxtlar daha da güclənib. Bu müstəvidə keçirilən görüşlər, imzalanan müqavilələr buna sübutdur. Elə yaxın keçmişdə də Prezident İlham Əliyev Rusiyaya rəsmi səfər edib, Rusiya Federasiyasının Prezident Vladimir Putinlə görüşüb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirdi ki, Azərbaycanla Rusiya arasında bütün istiqamətlərdə münasibətlər yüksək səviyyədə inkişaf edir və iqtisadi əlaqələr kifayət qədər genişlənir:

"Paralel olaraq iki ölkə arasında beynəlxalq münasibətlər sisteminə münasibətdə baxış bucağı faktiki olaraq bənzərdir. Eyni zamanda həm Azərbaycan, həm də Rusiya Cənubi Qafqazda təhlükəsizlik konfiqurasiyasının kənar müdaxilələr vasitəsilə dəyişməsində maraqlı deyillər və buna qarşı birmənalı şəkildə mövqe sərgiləyirlər. Bu da iki ölkənin yeni geosiyasi baxış bucağına yaxınlaşdıran faktor kimi dəyərləndirilə bilər. Bildiyiniz kimi, Azərbaycanla Rusiya arasında müxtəlif istiqamətlərdə müqavilələr imzalanıb, Amma münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatdırılması ilə bağlı imzalanan sənəd bunların ən üstünüdür və münasibətlərin yüksəldilməsi üçün kifayət qədər zəmin hazırlanıb. Həmin strateji müttəfiqlik müqaviləsində faktiki olaraq bütün istiqamətlər nəzərdə tutulur. İki ölkə arasında əlaqələrin inkişafı üçün yol xəritəsi əsasında Rusiyanın birgə hərəkət etdiyini və intensiv şəkildə əlaqələri genişləndirdiyinin şahidi oluruq.

O ki, qaldı Azərbaycan-Ermənistan münasibətlərinə Rusiyanın verə biləcəyi töhfəyə, bəlli olduğu kimi, bu xüsusda 10 noyabr 2020-ci il bəyanatını da xatırlatmaq lazımdır. Elə düşünürəm ki, məhz bu bəyanatın müddəaların prinsiplərinin yerinə yetirilməsi Ermənistan tərəfindən götürülmüş öhdəliklərdir və Rusiya bu prosesdə şübhəsiz ki, iştirakçı tərəf kimi Ermənistana öz münasibətini daha qabarıq şəkildə göstərməlidir. Prosesin içərisində ən önəmli məqamlardan biri Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqələrin qurulmasıdır və təmin edilməsidir ki, bununla bağlı iştirakçılardan biri də Rusiyadır. Düşünürəm ki, bu istiqamətdə də addımların atılmasına Rusiya töhfə verə bilər".

Keçmiş deputat, siyasi ekspert Elşad Mirbəşiroğlu isə hesab edir ki, Azərbaycanla Rusiya arasında həm siyasi münasibətlər, həm iqtisadi əməkdaşlıq kifayət qədər oturuşub və özünün yüksək inkişaf səviyyəsinə çatıb.

"Azərbaycanla Rusiya münasibətlərinin xarakteri Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Cənubi Qafqaz regionunda və daha böyük coğrafiyada təhlükəsizliyin təmin olunması üçün çox ciddi amil rolunda çıxış etməkdədir və Azərbaycan-Rusiya münasibətlərinin xarakteri həqiqətən də olduqca strateji əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionu üçün təsirlidir. Çünki hər iki ölkə kifayət qədər ciddi potensiala malikdir. İki ölkə arasında münasibətlər hər zaman konstruktiv məcrada inkişaf edir. Xatırlatmaq yerinə düşərdi ki, 2022-ci ilin fevral ayında Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında sənəd imzalandı və bu gün Azərbaycan-Rusiya münasibətləri məhz bu müttəfiqlik qarşılıqlı fəaliyyətinin ruhuna uyğun inkişaf etməkdədir. Diqqət yetirsək görərik ki, Azərbaycanla Rusiya arasında siyasi müstəvidə hər zaman qarşılıqlı anlayış mövcuddur. Tərəflər hər zaman bir-birlərinə hörmətlə yanaşırlar. Bu, çox önəmlidir və bu əsasda da iqtisadi münasibətlər uğurla inkişaf edir və Azərbaycanla Rusiya arasında iqtisadi, ticari əlaqələr kifayət qədər dinamik inkişaf etməkdədir. Azərbaycan Prezidenti ilə Rusiya Prezidentinin görüşü çərçivəsində Rusiya Prezidenti də vurğuladı ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4.3 milyard dollara çatıb. Bu da əvvəlki göstərici ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir və Rusiyanın Azərbaycan iqtisadiyyatına sərmayəsi də təxminən dörd milyard dollar təşkil edir. Qeyd etmək lazımdır ki, Azərbaycanda sırf Rusiya sərmayəsi ilə 300-dən artıq şirkət fəaliyyət göstərməkdədir. Ümumiyyətlə isə birgə şirkətlərin sayı 1300-dən çoxdur. Azərbaycan Prezidenti də görüş zamanı tərəflər arasında münasibətlərin səviyyəsinin inkişafından razılığını bildirmiş oldu. "Rossiya 24"  kanalına müsahibəsində də o, ümumiyyətlə Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasının yolverilməzliyini bildirdi. Eyni zamanda Azərbaycana qarşı 1992-ci ildə Amerika Birləşmiş Ştatları tərəfindən tətbiq edilən qərəzli sanksiyadan danışdı və ölkə başçısı diqqətə çatdırdı ki, ABŞ-nin maraqlarına cavab verəndə o sanksiyanın hüquqi təsirini 2001-ci ildə dayandırdı. Yəni bunun özü də aşkar qərəzli yanaşmanın göstəricisi idi. Bir sözlə, Azərbaycan lideri Rusiyaya qarşı tətbiq edilən sanksiyalara münasibətini ifadə etmiş oldu. Ümumiyyətlə, Azərbaycanla Rusiya münasibətləri səmimi dostluq əsasında inkişaf edən münasibətlərdir. Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik məsələsinə Azərbaycanla Rusiyanın oxşar baxışları mövcuddur".

Politoloq həmçinin qeyd etdi ki, Azərbaycan-Rusiya münasibətlərinin xarakteri, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına müsbət təsir göstərmək gücündədir.

"Sözsüz ki, burada Ermənistanın mövqeyi də təsirli amil rolunda çıxış edir. Bildiyimiz kimi, Ermənistan tərəfi əsasən Qərbdən gələn təlimatlar əsasında davranış sərgiləməkdədir. Bu davranışda görünən reallıq ondan ibarətdir ki, Cənubi Qafqazda yenidən gərginlik elementlərinin yaradılmasına hesablanıb. Paşinyan bu gün razılaşdırılmış məqamlar üzərindən Azərbaycan-Ermənistan arasında sənədin imzalanmasının mümkünlüyündən danışır. Lakin Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, açıq məsələlər qalmamalı, etibarlı sülh əldə olunmalıdır. Ermənistanın isə gələcək məqsədi aydındır. Ondan ibarətdir ki, hansısa açıq məsələlər qalsın, gələcəkdə onun üzərindən manevrlər etsin, bu da regionda yenidən gərginlik yaradacaqdır. Ermənistan belə mövqeyi Qərbdən gələn təlimatlar əsasında formalaşdırır və sözsüz ki, həm Azərbaycanın, həm Rusiyanın Ermənistanın gələcək planları haqqında aydın təsəvvürləri mövcuddur. ABŞ Ermənistanı bir alət kimi istifadə etmək niyyətindədir. Rusiya XİN rəsmisi də bununla bağlı dəfələrlə mövqeyini ifadə edib və bildirib ki, bu məsələlərdə ayıq-sayıq olmaq lazımdır. Ona görə də düşünürəm ki, Azərbaycan Rusiya münasibətlərinin xarakteri bir daha Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin olunması baxımından təsirli amil rolunda çıxış edə bilər. İki ölkə arasında dinamik inkişaf edən iqtisadi əlaqələr özünün yüksək inkişaf səviyyəsinə çatmış siyasi münasibətlər dövlətlərin maraqlarına xidmət edir və Azərbaycanla Rusiya arasında bərabərhüquqlu münasibətlər öz inkişafında bundan sonra da öz inkişafını bundan sonra da davam etdirəcək", - deyə E.Mirbəşiroğlu bildirdi.

Türkan İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

2