İlham Əliyev bu razılaşmaları xüsusi vurğuladı - Savelyev
Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə genişləndirilməsi istiqamətində qarşıya çoxlu vəzifələr qoyuldu.
Redaktor.az xəbər verir ki, bunu Azərtac-a Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev Rusiya Prezidenti Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyevin görüşünü şərh edərkən deyib.
"Bu günlərdə Kremldə Vladimir Putin bir daha ölkələrimiz arasında əlaqələrin dinamik və müsbət inkişaf etdiyini qeyd edərək, infrastruktur və enerji, ticarət və investisiya sahələri də daxil olmaqla bütün böyük birgə layihələri qarşılıqlı maraq doğuran, perspektivli, real və canlı adlandırdı. Öz növbəsində, İlham Əliyev yüksək səviyyəli qərarların hər birinin icrasının daimi nəzarətdə olduğunu, bütün razılaşmaların yerinə yetirilməsi üçün konkret addımların hazırlandığını xüsusi vurğuladı. Həmin məsələlər xüsusən də bu yaxınlarda MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində liderlərimizin görüşünün əsas mövzusu oldu. Rusiya ilə Azərbaycan arasında bütün səviyyələrdə və sahələrdə əməkdaşlığın inkişafına belə bir yüksək diqqəti qiymətləndirməmək olmaz", - Savelyev vurğulayıb.