COP29 ərəfəsində anti-Azərbaycan qüvvələri fəallaşır - AÇIQLAMA

 17:38 14.10.2024     200

Milli Məclis Niderland Krallığı Parlamenti Nümayəndələr Palatasının qəbul etdiyi iki qətnaməni pisləyib. Qətnamədə Azərbaycan ərazisində terrorizm, separatizm, qəsdən adam öldürmə əməllərində və beynəlxalq humanitar hüququn digər ağır pozuntularında təqsirləndirilən şəxslərin “erməni hərbi əsirləri” kimi qələmə verilərək azadlığa buraxılması tələb edilir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, COP29 ərəfəsində bu cür sənədlərin sayı arta bilər.

"Niderland Krallığının parlamentinin qəbul etdiyi bu sənədlər bizim üçün yeni deyil və ona təəccüblənməməliyik. Burada ABŞ-nin təzyiqini düşünmək məncə yersizdir. Çünki Niderland Krallığı həmişə ermənidən çox ermənilik eləyib və ABŞ-ni bu sahədə həmişə qabaqlayıb. Bütün son dönəmlərdə, xüsusilə Niderland Krallığının Parlamenti anti-Azərbaycan sənədləri qəbul etməkdə həmişə öndə olub. Digər ölkələrdə də təbiidir ki, bu cür sənədlərin qəbul olunma ehtimalı var. Xüsusilə COP29 ərəfəsi və onun gedişi dövründə biz bu cür sənədlərin digər Avropa dövlətləri tərəfindən qəbul olunmasına da hazırlıqlı olmalıyıq. Çünki Azərbaycanın artan nüfuzu və bu cür mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi çoxlarını narahat edir".

Ukraynadan sonra növbə Ermənistana çatacaq: Sülh İrəvana hava-su kimi  lazımdır

Politoloqun sözlərinə görə, ölkəmizə qarşı antiqüvvələrin fəallaşması bundan sonra da davam edəcək.

"Üstəlik, nəzərə almalıyıq ki, COP29-un Bakıda keçirilməsi ilə əlaqədar qərar 19-20 sentyabr antiterror əməliyyatından dərhal sonra qəbul olundu. Erməni havadarları ümid edirdilər ki, antiterror əməliyyatından istifadə edib Azərbaycanı etnik təmizləmədə, soyqırım törətməkdə günahlandıra bilərlər və Avropada Azərbaycana qarşı ciddi kampaniya başlada bilərlər. Belə bir məqamda ilin ən mötəbər tədbirinin Bakıda keçirilməsi barədə qərar qəbul olunması, təbiidir ki, çoxlarının planını pozdu, ancaq onlar sakitləşməyiblər. Bundan sonra da bu cür addımlar mütləq atılacaq. Biz son illər buna adət etmişik. Həm İkinci Qarabağ müharibəsindən sonrakı dövr, həm də Azərbaycanın suverenliyinin təmin olunması istiqamətində atdığımız uğurlu addımlar zamanı daim anti-Azərbaycan qüvvələrinin fəallaşmasının şahidi olmuşuq. Bu proses bundan sonra da davam edəcək", - deyə A.Səmədov bildirdi.

Türkan İSGƏNDƏRLİ