"Netanyahu hakimiyyəti mövcud olduqca, müharibə bitməyəcək" - AÇIQLAMA
"Hizbullah" pilotsuz uçuş aparatları (PUA) ötən gecə İsrailə hücum edib. Nəticədə İsrailin bir neçə əsgəri ölüb və yaralanıb.
"Hizbullah"ın əks hücumu müharibənin axarını hansı yöndə dəyişə bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Natiq Miri bildirdi ki, bu hücumlar İsrailin məqsədlərinin qarşısını ala bilməyəcək.
"İsrailin Livana hərbi müdaxiləsi İsrailin Livanla həmsərhəd bölgəsində yerləşən ərazilərin, xüsusilə də Hayfa və digər bölgələrdə insanların təhlükəsiz geriyə qayıdışını təmin etməklə əlaqəlidir. Belə bir təhlükəsizlik zolağı hələlik İsrail yarada bilməyib. Doğrudur, "Hizbullah" tərəfindən də artıq qarşılıqlı olaraq zərbələr endirilir və havadan müdafiə sistemlərini aşan bəzi dronlar əhali arasında müəyyən itkilərə səbəb olub. Çünki İsrailin konkret hədəfləri var və bu hədəflər sadəcə sərhədyanı bölgədəki yəhudilərin təhlükəsizlik geri qayıdışı ilə bağlı deyil. Bu əsas olaraq göstərilir. Ancaq bu, sadəcə yeganə məsələ deyil. Bunun içərisində İsrailin özünün geosiyasi maraqlarını ifadə edən digər maraqlar da var. Ona görə bu hədəflər əldə edilməyənə qədər bu əməliyyatı davam etdirəcək. Çünki məqsəd bir tərəfdən "Hizbullah"ın və HƏMAS-ın tamamilə zərərsizləşdirilərək İsrail üçün təhlükə olmaqdan çıxarmaq, başqa tərəfdən də təhlükə törədilən ərazilərdə terrorçu adlandırdığı qruplaşmalar üçün bütün infrastrukturu dağıtmaq bu ərazilərdə yaşayan insanları sıxışdırıb çıxarmaq, dolayısı ilə həm də özü üçün bir təhlükəsizlik, tampon bölgəsi yaratmaq, həm də strateji bəzi mənbələr var ki, onları da özlərinin nəzarətinə keçirməkdir. Yəni biz sürünən işğalı biz görürük və bu, davamlı olacaq".
Politoloqun sözlərinə görə, Netanyahu hakimiyyəti mövcud olduqca Yaxın Şərqdə müharibələr bitməyəcək.
"Çünki bu sürünən işğal kontekstində İsrail dolayısı ilə özü üçün hərbi yardımı da təmin edib. Bir tərəfdən maliyyə, digər tərəfdən hərbi yardımlar və silah satışı davam edir, baxmayaraq ki, bəziləri boğazdan yuxarı bəyanatlar vermiş olsalar da, ancaq sözün əsl mənasında fakt ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, digər Avropa ölkələri, hətta Almaniya silah satmaqda, silah yardım etməkdə davam edirlər. ABŞ təkcə havadan müdafiə sistemləri deyil, quru qoşunları ilə İsrailə yardım edəcəyini deyir və bu yöndə konkret artıq biz fəaliyyəti görürük. Ona görə də bu cür yardımlar davam etdikcə, İsrail nəyə görə dayanmalıdır ki? Onların konkret strateji hədəfləri var, buna doğru addımlamağa davam edəcək. Çünki bu Netanyahu və hakimiyyəti şovinist olmaqla bərabər, həm də dini xülyalarla yaşayan bir adamdır. Buna görə də bu cür hakimiyyət mövcud olduqca, bu cür müharibələrin bitməsini düşünmək bir az açığı o qədər də real görsənmir", - deyə N.Miri vurğuladı.
Türkan İSGƏNDƏRLİ