Hakan Fidan “3+3”ün Türkiyədəki iclasının tarixini AÇIQLADI

 15:35 15.10.2024     147

“3+3” regional platformasının növbəti iclası oktyabrın 18-də İstanbulda keçiriləcək.

Redaktor.az “Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə məlumatı Ankarada mətbuat konfransında Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb. 

“İclasda bizə Azərbaycan, Ermənistan, Rusiya və İranın XİN rəhbərləri qoşulacaq”, - deyə Hakan Fidan qeyd edib.

Xatırladaq ki, “3+3” platforması Cənubi Qafqaz regionu ölkələrinin və onların qonşularının (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) geniş əməkdaşlığını nəzərdə tutur. Platforma çərçivəsində ilk görüş 2021-ci ilin dekabrında Moskvada baş tutub.

Sözügedən görüşdə Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyənin xarici işlər nazirlərinin müavinləri iştirak edib. Gürcüstan iclasda iştirakdan imtina edib. İkinci görüş isə 2023-cü ilin oktyabrında XİN rəhbərləri səviyyəsində İranın paytaxtı Tehranda baş tutub. Gürcüstan bu görüşdə də iştirak etməyib.

Bir müddət əvvəl üçüncü iclasın Türkiyədə keçiriləcəyi açıqlansa da dəqiq tarix məlum deyildi.