“Azərbaycanın “COP atəşkəsi” təklifi müharibədən əziyyət çəkən bütün xalqlar üçün ümid mənbəyidir”
“Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ-ın “Newsweek” nəşrində dərc olunmuş məqaləsində bütün dünyanı “COP atəşkəsi”nə dəvət etməsi dövlətimizin sülhpərvər siyasətinin göstəricisidir”.
Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu təklif Azərbaycanın bütün bəşəriyyətin mənafeyini dünüşdüyünü, dünyada müharibə və zorakılığa son qoymaq arzusunu əks etdirir:
“Azərbaycan hər zaman öz xarici siyasətində milli maraqlarla yanaşı, həm də ümumbəşəri maraqları əsas götürüb, bütün insanlığın xeyrinə olan qərarlar qəbul edib. Biz bunu yaxın tarix keçmişimizin hər bir mərhələsində, eləcə də pandemiya dönəmində gördük. Azərbaycan o zaman da bütün dünya üçün ədalət tələb etdi, “vaksin inhisarçılığına” qarşı mübarizə kampaniyasına start verdi.
Bu gün də ölkəmiz COP29 çərçivəsində planetimizin ekoloji təhlükəsizliyini təmin etməyə, iqlim dəyişikliyinin qarşısını almağa, təbiətin mühafizəsi və bərpası istiqamətində irimiqyaslı addımlar atmağa çalışır. Bununla yanaşı, ölkəmiz yaranmış fürsətdən istifadə edərək dünyadakı münaqişə və müharibələri müvəqqəti də olsa dayandırmağa, bütün münaqişə tərəflərini “COP atəşkəsinə” cəlb etməyə çalışır. Məqsəd bütün dünyada sülh və sabitliyi təmin etmək, müharibəyə, göz yaşı və iztiraba son qoymaqdır. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dövlətimiz adından növbəti dəfə gündəmə gətirdiyi bu təklif də ölkəmizin xoş niyyətinin təcəssümüdür.
Ümid edirəm ki, dünya dövlətləri, beynəlxalq ictimaiyyət ölkəmizin bəşəriyyətin rifahına və təhlükəsizliyinəm olan həssaslığını lazımınca qiymətləndirəcək, dövlətimiz tərəfindən irəli sürülən təklifi dəstəkləməklə planetimizin hər yerində sülhün bərqərar olmasına töhfə verəcəklər”.