"Azərbaycan ümid edir ki, İran buraxdığı səhvləri bir də təkrarlamayacaq"

 17:18 17.10.2024     258

İran Prezidenti Məsud Pezeşkianın Tehranda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşü baş tutub. Onlar İran və Azərbaycan arasında əlaqələrin inkişafına töhfə verəcək layihələrə açıq olduqlarını bildiriblər.

Bundan sonra iki dövlət arasında münasibətlər necə irəliləyəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, İran Azərbaycanla münasibətləri yumşaltmağa çalışır.

"Azərbaycanla İran arasında münasibət ötən illərdə heç də birmənalı şəkildə hamar olmayıb. Gah münasibətlər normal olub, gah da kəskinləşib, sərtləşib və s. Xüsusən Azərbaycan torpaqları işğal altında olanda İran Ermənistan vasitəsilə daim Azərbaycana təzyiq göstərib. Vətən müharibəsi vaxtı Tehran hakimiyyəti Azərbaycanı hədələyib, işğaldan azad olduqdan sonra isə İran münasibəti dəyişməyib. Ancaq 2022-ci ildən sonra münasibətləri İran tərəfi yumşaltmağa çalışır. 2023-cü ildə isə bu vəziyyəti İran vətəndaşının Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu ağırlaşdırıb və indiyə qədər həmin o terrorçu ilə bağlı cəza kəsilməyib. Pezeşkian Şahin Mustafayevlə görüşdə bu məsələni vurğuladı ki, məhkəmə prosesini, hüquqi məsələləri izləyəcəklər. Bu o deməkdir ki, hələ də terrorçu barəsində hökm çıxarılmayıb".

Politoloqun sözlərinə görə, İrana sanksiyalar tətbiq olunduğundan, Azərbaycanla müxtəlif ticarət əlaqələri qura bilər.

"İrana qarşı BMT Təhlükəsizlik Şurasının sanksiyaları var. Azərbaycan da BMT-nin üzvüdür. Odur ki, bu sanksiyalardan xaric Azərbaycan İranla məlum istiqamətlərdə ticarət əlaqələrini apara bilər. Nəqliyyat sahəsində trans xəttinin keçməsi sahəsində İranla Azərbaycan arasında əməkdaşlıq mümkündür. Xüsusilə Şimal cənub koridoru məsələsində bu əməkdaşlıq başlaya bilər. Habelə Qərb ölkələrinin və Avropa İttifaqının İrana tətbiq etdiyi sanksiyalar, Azərbaycanın maraqlarına qarşı deyilsə Azərbaycan İranla başqa sahələrdə - neft, qaz, hərbi sahələrində əməkdaşlıq etməsi mümkündür. İran tərəfi energetika sahəsində əməkdaşlığa dair işçi qrupunun yaradılmasını təklif edir. Bu əməkdaşlıq əvvəllər də olub. Sadəcə olaraq, son dörd ildə Tehranın yürütdüyü siyasət ucbatından əməkdaşlıqda fasilə yaranıb. Azərbaycanın maraqlarından biri də region ölkələri ilə ticarət, iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir. Azərbaycan tərəfi ümid edir ki, İran Ermənistanla Azərbaycan arasında əsas sülhün imzalanmasında da rol oynaya bilər.

Bu görüş, yəni Şahin Mustafayevin Tehrana səfəri və keçirdiyi çoxsaylı görüşlər, Azərbaycan İran münasibətlərinin, xüsusən gələcəkdə iqtisadi, ticarət əlaqələrinin inkişaf edəcəyinə ümidləri artırır. Çünki hazırda tərəflər mövcud potensiallardan yararlanmır. Biz ümid edirik ki, İran hakimiyyətinin əvvəllər etdiyi yanlışlıqlar, buraxdığı səhvlər bundan sonra təkrarlanmayacaq", - deyə S.Soltan vurğuladı.

Türkan İSGƏNDƏRLİ