Aİ-nin "binokl diplomatiyası" - Ekspert: "Onların missiyası əvvəlcədən şübhə doğururdu"

 18:56 17.10.2024     417

Azərbaycan Prezidenti İlham Əliyev və Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon görüş vaxtı Avropa ittifaqının (Aİ) siyasətindən danışıblar. Prezident Aİ-yə Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamasını tövsiyə edib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi ekspert Elşad Mirbəşiroğlu bildirdi ki, Azərbaycan hər zaman Avropa İttifaqı ilə əlaqələrin yüksək səviyyəsində qalmasında, əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olub.

"Enerji sahəsində Avropa İttifaqı ilə Azərbaycan arasında olduqca inkişaf etmiş oturuşmuş əməkdaşlıq sistemi mövcuddur. Avropa enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın olduqca təsirli yeri və rolu mövcuddur. Bir sözlə, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və təəssüf ki, Avropa İttifaqına üzv olan bir sıra ölkələrin, ayrıca olaraq Fransanın sərgilədiyi mövqe ilə bütövlükdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına da təsir göstərə bilər və Avropa İttifaqının Ermənistandakı mülki missiyasının fəaliyyəti də çox ciddi suallar doğurur. Elə ölkə prezidentinin də qeyd etdiyi kimi, onlar "binokl diplomatiyası" ilə məşğuldurlar və onların missiyası əvvəlcədən şübhə doğururdu. Əslində belə bir missiyanın regiona göndərilməsinə hər hansı bir lüzum görülmürdü. Azərbaycan öz ərazisini işğaldan azad etmişdi, beynəlxalq hüquq normalarına uyğun sülh şərtlərini irəli sürmüşdü və regionda sülhün əldə olunmasının yeganə yolu Azərbaycanın ədalətli sülh sənədini imzalanmasından ibarətdir".

Politoloqun sözlərinə görə, Avropa İttifaqının mülki missiyası elə bir sıra Qərb ölkələrinin maraqlarına xidmət edir.

"Biz mülki missiyanın fəaliyyətə başlamasından sonra artıq görməyə başladıq ki, Avropa İttifaqının mülki missiyası elə bir sıra Qərb ölkələrinin maraqlarına xidmət etməkdədir, onların regionla bağlı strategiyasını həyata keçirməklə məşğuldurlar. Yəni onlar qonşu ölkələrə münasibətdə, demək olar ki, elə informasiya toplamaqla məşğuldurlar ki, bu informasiyaları da öz məqsədlərinə uyğun şəkildə etsinlər və biz dəfələrlə görmüşük ki, Ermənistanın təxribatları zamanı da Avropa İttifaqının mülki missiyası obyektiv mövqe sərgiləməyibdir. Bunun özü də ona dəlalət edir ki, elə bu missiya regionda tamam fərqli məqsədlər üçün xidmət göstərir. Hesab edirəm ki, Azərbaycan bütövlükdə bundan sonra da Avropa İttifaqı ilə əməkdaşlığını, təbii ki, davam etdirəcək. Avropa İttifaqına üzv olan bir sıra ölkələrlə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və sözsüz ki, Avropa İttifaqında aydın dərk edirlər ki, Azərbaycan çox etibarlı və gərəkli tərəfdaşdır. Bu amildən də çıxış edərək Azərbaycanla münasibətlərə xələl gətirəcək halları aradan qaldırmalıdırlar. Bu mənada Avropa İttifaqının mülki missiyasının fəaliyyəti xüsusilə Avropa İttifaqı tərəfindən nəzarətdə saxlanılmalıdır", - deyə E.Mirbəşiroğlu bildirdi.

Türkan İSGƏNDƏRLİ