Ermənistan "Zəngəzur" sözünü də, "dəhliz" sözünü də "qırmızı xətt" elan etdi...

 15:21 18.10.2024     249

Son bir ildə İran hökumətinin və mediasının ən aktual mövzusu bəlkə də Zəngəzur dəhlizi oldu. Çünki bütün siyasilərin ən sevimli mövzusuna çevrildi Zəngəzur dəhlizi mövzusu. Kimlərsə İranda bu mövzuya toxunmaqla hökumət yanında nüfuz qazandı, əli çörəyə çatdı, media isə "reytinq qırdı".

Bu günlərdə isə Zəngəzur dəhlizini qərəzli şəkildə “Sünik koridoru” adlandıran İran mediası yazır ki, Ermənistan və Azərbaycan arasında əlaqə yollarının açılması ilə bağlı ciddi fikir ayrılığı var. Daha sonra qeyd edilir ki, Ermənistan nəzarətində olmayan istənilən marşrutu özünün "qırmızı xətti" saysa da, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin açılmasını vacib hesab edir: "Türkiyə parlamentinin sədri Cenevrədə erməni həmkarı ilə görüşdən öncə Azərbaycan Milli Məclisinin sədri ilə söhbətində Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına və Azərbaycan, Türkiyə və digər türk xalqlarına fayda gətirəcəyinə ümid etdiyini bildirib".

Qeyd olunub ki, Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan Zəngəzurla bağlı iddia edib: “Əgər onlar bu termini işlətməyə davam etsələr, ən azı bizim "qırmızı xəttimiz" olan ekstraterritorial marşrutdan danışdıqlarını düşünməliyik. "Zəngəzur dəhlizi" ifadəsinin işlədilməsi Ermənistan üçün qəbuledilməzdir”.

Görəsən, ermənilər bu vilayətin qədim adından niyə bu qədər xoflanır? Tarixi sənədlər təsdiq edir ki, cəmi 100 il əvvəl bu vilayət Zəngəzur adı ilə Ermənistanın tərkibinə verilib.

Məsələni şərh edən politoloq Sədrəddin Soltan bildirdi ki, Ermənistanda mis-molibden kombinatı var və rəsmi mənbələrdə müəssisənin adı "Zəngəzur Mis-Molibden Kombinatı" kimi göstərilir: "Bu yola tarixən müxtəlif adlar deyiblər, əvvəllər biz buna "Zəngəzur yolu" deyirdik, sonra da bu ad "Zəngəzur dəhlizi" kimi formalaşdı. Fikrimizcə, mahiyyət adda deyil, daha cox bu yolun açılmasındadır. Yol açılandan sonra bu yolun adı da, başqa məsələlər də yoluna düşər. Bu dəhluzə iki ad da verilə bilər - Zəngəzur-Sünik dəhlizi" və ya "Zəngəzur-Sünik yolu" və s. Bütün hallarda həmin ərazinin tarixi adı Zəngəzurdur. Ona görə də Azərbaycan tərəfi yolun adını ərazinin tarixi adı ilə uyğunlaşdırıb. Odur ki, Azərbaycan tərəfinin dəhlizin açılması ilə bağlı təklif və şərtləri qəbul ediləcəyi halda ad məsələsi zaman axarında öz-özünə həllini tapacaq.

Ermənilər bu tip əhəmiyyətsiz məsələləri ortalığa atmaqla, manipuliyasiyalar etməklə vaxt uzadır, müxtəlif oyunbazlıqlarla layihənin reallaşmasını gecikdirir. Amma Zəngəzur yolunun açılması tarixi bir zərurətdir. Ermənilər bu yolun açilmasına, istəsələr də, uzun müddət qarşı çıxa bilməz. Çünki bu dəhliz Ermənistanın qurtuluş yoludur. Ad məsələsini ortalığa atmaqla ermənilər suyu bulandırmağa çalışırlar. Hər kəs bunu "Zəngəzur yolu" kimi tanıyir, hesab edirəm ki, gələcəkdə sözügedən yol elə bu adla da qəbul ediləcək".

Onu da əlavə edək ki, ermənilərin "Zəngəzur" sözündən belə xofkanmasının özəl səbəbi var. Belə ki, Zəngəzur mahalı indiki Ermənistanın cənub hissəsini və indiki Azərbaycan ərazilərinin kiçik bir hissəsini əhatə edən tarixi Azərbaycan mahalı olub. Zəngəzur (toponim Əmir Teymurun işğalı dönəmində formalaşıb, "zəngə zor", "zəngə güc" sözündən yaranıb) mahalı indiki Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri (Mehri) Zəngilan, Qubadlı və Laçının bir hissəsini əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 Azərbaycan Türkü, 91 kürd və 81 erməni kəndi var idi. Erməni kəndləri Gülustan və Türkmənçay müqavilədindən sonra yaranıb.

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla həll olundu. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi – əhalisinin kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.

1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə – indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib. Məhz ermənilərdə yerli tarixi toponimlərə qarşı kompleks bu tarixi həqiqət səbəbindən yaranıb.

Sədrəddin Soltan