"Reallıqlar Ermənistan rəsmilərini həqiqəti deməyə məcbur edir"

 16:07 21.10.2024     309

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Azərbaycan Qarabağda azı 3-4 BMT qətnaməsinə əsaslanan əməliyyat keçirib. O, həmçinin qeyd edib ki, Qərb ölkələri Azərbaycan və Ermənistan arasında sülhə razı deyil. Onun bu etirafı öz ölkəsində narazılıqlara səbəb olub.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə vurğuladı ki, reallıq Ermənistan rəsmilərini həqiqəti deməyə məcbur edir.

"Bəlkə də özlərinə qalsaydı, Ermənistan rəsmiləri heç zaman belə bəyanat verməzdilər. Ancaq reallıq onları həqiqəti deməyə məcbur edir. Ermənistan uzun müddət uydurma 1915-ci il soyqırımı, Azərbaycan torpaqlarının özününkü olması barədə sərsəm fikirlərlə hərəkət edib. Onun siyasəti, onun ideologiyası Azərbaycan torpağına, tarixinə, mədəniyyətinə yiyələnmək məqsədi daşıyıb. Amma iş burasındadır ki, bu siyasət konkret Ermənistanın özü üçün hər hansı bir fayda vermir. Ermənistanın uzun illər bədnam xarici Dağlıq Qarabağ siyasəti onun resurslarının böyük bir hissəsinin bu işə getməsinə, əhalisinin müəyyən bir hissəsinin qırılmasına, bir hissəsinin isə ölkədən qaçmasına səbəb oldu".

Deputatın sözlərinə görə, belə bəyanatlar yalandırsa, bunun zərərini də elə Ermənistan özü çəkəcək.

"İndiki yeni şərait Ermənistanı az da olsa həqiqəti dilə gətirməyə məcbur edir. Əgər bu davamlı olacaqsa, hesab edirəm ki, Ermənistan bundan ancaq qazana bilər. Bu, Ermənistanı Azərbaycanla münasibətdə real mövqe tutmağa gətirib çıxardacaqsa, Ermənistanın bu günü və sabahı davamlı inkişafını təmin edə bilər. Yox, bu sadəcə olaraq gəlişi gözəl deyilmiş sözlərdirsə, sadəcə olaraq Ermənistanın sülhpərvər olduğunu göstərməyə çalışan yalançı bir bəyanatdırsa, hesab edirəm ki, bunun zərərini də elə Ermənistan özü çəkəcək", - deyə Aydın Mirzəzadə vurğuladı.

Türkan İSGƏNDƏRLİ