"Sülh müqaviləsinin uzanması Ermənistana təhlükə yaradır" - Fazil Mustafa
"Ermənistan Qərbi intensiv şəkildə prosesə qoşulmağa çağırır. Çünki Ermənistan əslində Rusiyanın vasitəçiliyi ilə məsələnin həllinə maraqlı deyil".
Bu sözləri Redaktor.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Fazil Mustafa Ermənistan parlamentinin sədri Alen Simonyanın çıxışını şərh edərkən dedi. Onun sözlərinə görə, sülh müqaviləsinin uzanması Ermənistan hakimiyyətinin özü üçün də ciddi təhlükə yaradır.
"Eyni zamanda Qərbin də burada çox aktivlik göstərmədiyini düşünür. Həmçinin Qərbin də Rusiya faktorunu nəzərə aldığını gözardı etmək istəmir. Ermənistan bilir ki, Qərb də bölgəyə tam mənada girə bilmir və girən Qərb qüvvələri də tərəfli mövqe tutur və Azərbaycanın etimadını qazanmaq şansı yoxdur. Çünki burada hər hansı bir şəkildə Qərbin, Avropa Birliyinin nümayəndələrinin burada olması Azərbaycan tərəfindən çox etimadsız qarşılanır. Bu, bilavasitə onların məhz Ermənistanın marağını güdməyi barədə olan faktlarla bağlıdır. Ona görə də sülh müqaviləsinin uzanması Ermənistan hakimiyyətinin özü üçün də ciddi təhlükə yaradır. Çünki bu boşluq bütövlükdə Ermənistan cəmiyyətində həmişə çalxantıların yaşanmasına gətirib çıxara bilər".
Millət vəkili bildirdi ki, Ermənistan Qərbə arxalanmasa, Rusiya ilə münasibətləri korlamağa maraqlı olmazlar.
"Məncə, bu şikayət onun üzərində qurulub, çünki bunun başqa bir adı olmamalıdır. Ermənistan əslində Qərblə bu mövzunu daha intensiv işləyir və onların köməyinə çox arxalanır. Əgər bu köməyi düşünməsələr, onlar bu qədər Rusiya ilə münasibətləri korlamağa maraqlı görünməzlər. Ona görə də bu məsələnin təhlükəli tərəfi məhz bununla bağlıdır. Onlar bilir ki, gecikmə məsələsi bütün hallarda Ermənistanın maraqlarına ziddir və Azərbaycan da bu məsələdə Ermənistandan cavab gözləyir. Azərbaycan, çünki özünə aid olanı həll edib, özünə aid olan tezisləri təqdim edib və burada razılaşdırılmalı məsələləri də təqribən real bir variantda Ermənistana verib. Ermənistanın bundan sonra atacağı addımlardan çox şey asılı olacaq", - deyə Fazil Mustafa qeyd etdi.
Türkan İSGƏNDƏRLİ