"Simonyan Qarabağdakı hadisələrlə bağlı müsbət tendensiyalı açıqlama verdi, lakin..." - Komitə sədri
"Alen Simonyan Ermənistan iqtidarında ən ambisiyalı siyasətçilərdən biridir və onun mütəmadi olaraq verdiyi bəyanatlar bir-birinə uyğun gəlmir".
Bu sözləri Redaktor.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Ermənistan parlamentinin sədri Alen Simonyanın açıqlamasını şərh edərkən dedi. Onun sözlərinə görə, Simonyan qeyri-adekvat çıxışlarla yadda qalan şəxsdir:
“Bəzi vaxt qeyri-obyektiv, bəzi vaxt absurd, bəzi vaxt müəyyən qədər obyektiv faktlara söykənən bəyanatlar da var. Son vaxtlar onun azərbaycanlıların, türklərin məhz vətəninin Altay olduğu məsələsi gündəmdə oldu. Buna baxmayaraq, son müsahibəsində məhz Qarabağda baş verən hadisələrə, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsində müəyyən müsbət tendensiyalı açıqlama verdi. Burada əsas məqamlardan biri də təbii ki, vaxtilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dörd qətnamənin olması və onu Azərbaycanın hərbi yolla həyata keçirilməsi faktının təsdiqlənməsi idi. Lakin buna baxmayaraq, Konstitusiyanın dəyişdirilməsi istiqamətində hər hansı bir referendumun keçirilməsi məsələsində o, tam başqa bir mövqedən çıxış edir. Bu gün sülhün bərqərar olmasına gedən yolda əsas məsələ obyektivliyi ortaya qoymaqdadır”.
Komitə sədri bildirdi ki, beynəlxalq qurumlar Simonyanı ciddi qəbul etmir.
“Buna görə də əgər sülhün bərqərar olunmasını labüd sayırlarsa, mütləq şəkildə belə açıqlamalar verməlidirlər. Təbii ki, Qərb də çalışır ki, bir vasitəçi rolunda çıxış etsin və Ermənistan və Azərbaycan bu məsələni qarşılıqlı şəkildə çözməsinlər. Bu gün Ermənistan özünün daxili və xarici siyasətində müstəqil deyil. Lakin belə açıqlamalar da veriləndə, təbii ki, vətəndaşlar tərəfindən birmənalı qarşılanmır. Çünki Qarabağ klanı var, eyni zamanda separatçı qüvvələrin Ermənistanda fəaliyyət göstərən nümayəndəlikləri var və bunlar təbii ki, bunları normal qəbul edə bilməz. Yəni ümumi götürəndə Ermənistanın çıxış yolu, nicat yolu, məhz müqaviləni imzalamaq və Konstitusiyada dəyişikliklər üçün referenduma getməkdir. Məhz buna görə də erməni spikerin belə açıqlama verməsi qanunauyğundur və adekvatdır”, - deyə Arzu Nağıyev qeyd etdi.
Türkan İSGƏNDƏRLİ