Ermənistanın işğalında qalan 4 anklav kəndimiz qaytarılacaq? - AÇIQLAMA
Bəzi mənbələr Ermənistanın işğal altında saxladığı dörd anklav Azərbaycan kəndinin geri qaytaracağı ilə bağlı məlumatlar yayıb. Bu prosesin COP29 ərəfəsində baş tutacağı bildirilir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, ermənilər Gədəbəy rayonu ərazisindəki Başkəndin onların olduğunu hesab edirlər:
"Paşinyan dəfələrlə anklav kəndlərin qaytarılması məsələsinə toxunub, ancaq həmişə üç kənddən danışıb, dördüncü kənddən nədənsə danışmaq istəməyib, üstəlik üç kəndin qaytarılmasını da Başkəndin qaytarılması ilə əlaqələndirib. Yəni ermənilər hesab edirlər ki, Gədəbəy yaxınlığında olan Başkənd ermənilərə məxsusdur. Onun qarşılığında Qazaxın yaxınlığında olan üç anklav kəndi qaytarmağa razı olduqlarını deyirlər. Yaxud Paşinyan belə bir variant da təklif edirdi ki, Başkəndin sahəsi hardasa 40 kvadrat kilometrdir, üç anklav kəndin də birlikdə sahəsi təqribən o qədərdir. Yəni dəyişmək məsələsini də təklif edirdi ki, Başkənd bizdə qalsın. Guya Başkəndin əvəzində həmin üç kənd də Ermənistanın ərazisi hesab olunsun".
Politoloqun sözlərinə görə, bu ərazilərin yaxın vaxtda geri qaytarılması gözlənilən deyil.
"Bu səbəbdən mən yaxın vaxtlarda razılığa gəlməyin mümkünlüyünə inanmıram. Çünki ermənilərin bu yanaşması ciddi müzakirələr tələb edir və Azərbaycan tərəfi də Başkəndlə bağlı öz mövqeyini ortaya qoymalıdır. Mən güman eləmirəm ki, ermənilərin etdikləri təklif qəbul oluna bilər. Əgər belə bir təkliflə razılaşmaq mümkün olsa, hərçənd ki, biz Kərki kəndinin məsələsinin gündəliyə gəlməməsini, təbii ki, qəbul edə bilmərik. Dörd kəndin hamısı qaytarılmalıdır. Başkənd məsələsi müzakirə oluna bilər. Ancaq nəzərə alsaq ki, ermənilər yalnız hələ ki, üç kənddən danışırlar, üstəlik qarşılığında Başkəndi də istəyirlər. Mən hesab edirəm ki, nəinki yaxın vaxtlarda, ilin sonuna qədər, hətta ola bilsin ki, 2025-ci ilin ilk yarım ilində də bu məsələni həll etmək mümkün olmasın. Mən Paşinyandan belə bir addım atacağını gözləmirəm", - deyə A.Səmədov bildirdi.
Türkan İSGƏNDƏRLİ