"Qərbi Azərbaycana ləyaqətli qayıdışın təmin olunmasına nail olacağıq" - Komitə sədri
Xəbər verdiyimiz kimi, Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb. Bu barədə Qərbi Azərbaycan İcması Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ünvanlayıb. Bundan öncə də Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar.
Bu Təşəbbüs Qrupunun fəaliyyəti nədən ibarət olacaq?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Sosial siyasət komitəsinin sədri, deputat Musa (Urud) Quliyev bildirdi ki, bu təşkilatın təsdiqi Qərbi Azərbaycan İcmasını daha da gücləndirdi:
"Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması ilə əlaqədar Milli Məclisin sədri xanım Sahibə Qafarovanın sərəncamı olduqca mühüm bir qərardır və hesab edirəm ki, Qərbi azərbaycanlıların təşkilatlanmasında, onların haqlı davasının daha yüksək bir platformaya qaldırılmasında olduqca mühüm bir hadisədir. Bilirsiniz ki, 2022-ci ildə cənab Prezident öz ad günündə Qərbi Azərbaycan İcmasının binasının açılışını etdi və həmin açılışda Qərbi Azərbaycana qayıdışın yol xəritəsini cızan bir konseptual çıxış etdi. O çıxış əsasında qayıdış konsepsiyası hazırlandı. Qərbi Azərbaycan icması daha da gücləndi, daha da təşkilatlandı və öz səsini artıq beynəlxalq tribunalardan səsləndirməyə başladı. Bu çox ciddi bir addımın davamı olaraq Milli Məclisdə ötən çağırış ərzində beş xüsusi dinləmə Qərbi Azərbaycana qayıdış məsələsinə həsr olundu. Təbii ki, bu addımların, eləcə də Qərbi Azərbaycan İcmasının həm ölkəmizdə, həm də ölkəmizdən kənarda keçirdiyi çoxsaylı tədbirlərin, yazılan məqalələrin, kitabların, aparılan müzakirələrin böyük beynəlxalq əhəmiyyəti var. Artıq Qərbi Azərbaycan İcmasının səsi dünya platformasında eşidilir və bizim bir çox bəyanatlarımız BMT-nin sənədi kimi yazılıb. Növbəti addım kimi, Qərbi Azərbaycana qayıdış məsələsinin hüquqi əsaslarının hazırlanması və buna daha çox siyasi dəstək və siyasi rəng vermək əsas məqsəddir".
Deputatın sözlərinə görə, qrupun əsas məqsədlərindən biri deportasiya olunmuş soydaşlarımızın Qərbi Azərbaycana qayıdışının ən ali insan, konstitusion haqları olduğunu dünyaya çatdırmaqdır.
"Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu beynəlxalq təşkilatlara çatdırır ki, Qərbi Azərbaycana qayıdış Qərbi Azərbaycandan olan və zaman-zaman oradan deportasiya olunmuş soydaşlarımızın ən ali insan, konstitusion haqlarıdır və bu da Ermənistan hökumətinin bu məsələyə məsuliyyətli yanaşmasını və eyni zamanda beynəlxalq hüquq çərçivəsi normaları daxilində bu məsələnin həllinə öz münasibətini bildirməlidir. Bu heç də Ermənistan Respublikasına Azərbaycan tərəfindən bir ərazi iddiası deyil. Amma oradan vaxtilə deportasiya olunmuş insanların oraya qayıtması beynəlxalq hüquq normalarına uyğundur və Qərbi Azərbaycan İcması da bu istiqamətdə öz fəaliyyətini aparacaq. Eyni zamanda Milli Məclisdə yaranan təşəbbüs qrupu da gərəkərsə, bu istiqamətdə qanunlara əlavə və dəyişiklik edilməsi və yaxud yeni qanun qəbul olunması, eyni zamanda beynəlxalq platformalarda artıq deputat təşəbbüs qrupu kimi dünya ictimaiyyətinin nəzərinə, diqqətinə bu məsələləri çatdırmaq, o cümlədən Ermənistanın müxtəlif qurumları ilə müzakirələr də aparmaq məncə, mümkündür. Bu da təşəbbüs qrupunun yəqin ki, öz əsasnaməsində müəyyən məsələlər kimi həllini tapa bilər və bütövlükdə bu, artıq Qərbi Azərbaycan İcmasının və Qərbi Azərbaycana qayıtmaq istəyənlərin yeni bir platformada institutlaşması üçün çox vacib bir addımdır və bundan sonrakı addımlarımız da yəqin ki, daha qətiyyətli olacaq. Biz son məqsədimiz olan ata-baba yurdlarımıza ləyaqətli qayıdışın təmin olunmasına nail olacağıq", - deyə Musa Quliyev bildirdi.
Türkan İSGƏNDƏRLİ