Azərbaycan BMT ilə əməkdaşlığı genişləndirməyi nəzərdən keçirir - Bahar Muradova

 18:14 22.10.2024     203

Azərbaycan BMT ilə əməkdaşlığı genişləndirmək üçün digər sahələri nəzərdən keçirir.

Redaktor.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Cenevrədəki ofisinin Baş direktoru Tatyana Valovaya ilə görüşündə deyib.

O, Azərbaycanın BMT-nin bütün qurumları ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib:

"Azərbaycanın BMT-yə üzv olduğu müddətdən ötən dövrdə Qarabağ probleminin həlli münasibətlərdə həmişə xüsusi yer tutub. Biz, BMT və digər təşkilatlar qarşısında götürdüyümüz öhdəliklərə, həm də Qarabağ probleminin həllinə nail olmaqda əsas vasitə kimi baxmışıq. Artıq Qarabağ problemi həll olunduğu üçün münasibətlərimizə yeni prizmadan baxırıq”.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Pekin öhdəliklərinə qoşulan zaman ərazi və insan itkisinə məruz qalan, bütün sahələrdə ciddi çətinliklərlə qarşılaşan Azərbaycan bu problemlərə baxmayaraq, götürdüyü öhdəliklərə sadiq qalmaqla yanaşı, onun uğurla həyata keçirilməsinə də nail olub:

“Müstəqilliyin bərpasından keçən otuz ildə uğurlu inkişaf yolu keçən Azərbaycan Qarabağ problemini öz gücü hesabına həll etdikdən sonra regoinda sülhün bərqərar olmasına böyük əhəmiyyət verir və bu istiqamətdə mühüm addımlar atır. Azərbaycan bu istiqamətdə, o cümlədən qadın hüquqlarının, gender bərabərliyinin təmin olunması, qadınların səlahiyyətlərinin artırılması kimi öhdəliklərin icrasında böyük uğurlar qazanıb”.

Komitə sədri dünyada, müharibə və münaqişələrin, iqlim dəyişikliyinin milyonlarla insan, o cümlədən qadınlar üçün də ciddi problemlər yaratdığını qeyd edərək, hazırda bəşəriyyətin bu çətinlikləri həll etmək məcburiyyətində qaldığını diqqətə çatdırıb.

B.Muradova ölkəmizdə gender bərabərliyinin təmin olunması üçün həm parlament, həm də hökumət səviyyəsində genişmiqyaslı işlərin həyata keçirildiyini vurğulayaraq, bu sahədə BMT-nin Cenevrədəki ofisi ilə də əməkdaşlığın önəmini vurğulayıb.

Azərbaycanın gələn ay COP29-a ev sahibliyi edəcəyini xatırladan nümayəndə heyətinin rəhbəri bu mötəbər tədbir çərçivəsində mədəniyyət, qadınlar, gənclərlə bağlı bir sıra sessiyaların da təşkil olunacağını diqqətə çatdırıb. Xüsusi vurğulanıb ki, Azərbaycan dünyada sülh və sabitlik, iqlim məsələləri ilə bağlı ciddi təhdidlərin olduğu bir dövrdə bu mühüm problemlərin müzakirə olunacağı COP29-u təşkil etmək kimi mühüm missiyanı üzərinə götürüb.

Qeyd edək ki, B.Muradova BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı ilə “Avropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 ilinə nəzər salınması” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Cenevrədə səfərdədir.