"Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq" - ABŞ-yə CAVAB

 14:49 23.10.2024     255

"Baydenin yazdığı məktubda əsas və gizli məqam ondan ibarətdir ki, ABŞ tərəfindən bu günə qədər Ermənistanın mövqeyinin açıq tərzdə müdafiə etməsi gizli formada davam edir və Azərbaycanı yarımçıq, sülhə bir növ məcbur etmək istəyirlər".

Bu sözləri Redaktor.az-a danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Naqif Həmzəyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunu şərh edərkən dedi. Onun sözlərinə görə, ABŞ Azərbaycanı yarımçıq sülhə təşviq etmək istəyir.

"Cozef Baydenin Azərbaycan Prezidentinə ünvanladığı məktubda bir çox məqamlara toxunulur. Xüsusilə də Ermənistan və Azərbaycan münasibətlərində normallaşma və sülhün imzalanmasının vacibliyi vurğulanır. Biz əgər tarixə nəzər salsaq görərik ki, dəfələrlə məhz Ermənistan Konstitusiyasında mövcud maddələr səbəbindən Ermənistan özü bir çox məsələlərdən kənarda qalıbdır və bu məsələlər hesabına da Azərbaycanla normallaşma prosesindən həmişə yan keçə bilibdir. Hazırda isə Azərbaycan qəti şəkildə bildirir ki, biz yalnız Paşinyanla anlaşma imzalamaq istəmirik. Biz Ermənistan dövləti ilə uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasını istəyirik və Ermənistan qanunvericiliyində Azərbaycana qarşı ərazi iddiaları olduğu bir şəkildə biz hansı sülhdən danışa bilərik və kim qarantiya verir ki, Ermənistan bir müddət sonra revanşist xəyallarını reallaşdırmaq üçün Azərbaycana hücum etməyəcəkdir. Eyni zamanda Ermənistanın, xüsusilə də 2024-cü ildə sülhdən danışdığı bir məqamda aktiv şəkildə silahlandırılması və silahlanması nəyə xidmət edir?

Bu məqamda biz çox ayıq-sayıq olmalıyıq və anlamalıyıq ki, Amerika tərəfindən edilmiş bu müraciət nəticə etibarilə bir daha Ermənistanın maraqlarına və məqsədlərinə xidmət etməkdədir və xüsusilə də COP29-u bəhanə edərək Azərbaycanı sülhə məcbur etməyin heç bir əsası yoxdur. Sual verirəm: bu günə qədər 28 COP tədbiri keçirilib. Bu tədbirlərin hansında hansısa böyük bir münaqişə həll edilibdir, hansısa bir razılaşdırmalar əldə olunubdur. Yəni görürsünüz ki, bu məsələ ilə COP29-u qətiyyən əlaqələndirmək və qarışdırmaq olmaz".

Deputat qeyd etdi ki, Azərbaycan sonuna qədər öz mövqeyini qoruyacaq, yarımçıq sülhü imzalamayacaq.

"Biz uzunmüddətli və dayanıqlı sülh istəyirik, hətta Ermənistan Baş naziri Nikol Paşinyan özü də məhz Ermənistan qanunvericiliyində olan maddələr hesabına və bu sülhün ləngiməsi məsələsini də dilə gətirib. Bu günlərdə Ermənistan müxalifəti məhz Azərbaycanın mövqeyinin haqlı olduğunu da bir növ təsdiqləyibdir. Çünki onlar da hətta sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı sənədlərin ratifikasiya olunması məsələsində sərt mövqe bildirərək, bunun Ermənistan Konstitusiyasına zidd olduğunu dilə gətiriblər. Ermənistan mütləq öz qanunvericiliyinə dəyişiklik etməlidir və üçtərəfli bəyanatda götürdükləri öhdəlikləri yerinə yetirməlidir ki, sülh baş tutsun. Bu olmayacağı təqdirdə yarımçıq sülhün imzalanmasına ehtiyac yoxdur. Xüsusilə də əgər ABŞ ATƏT-in Minsk qrupunun keçmiş həmsədri olduğu dönəmdə açıq şəkildə Ermənistanın mövqeyini müdafiə edirsə, bu, Birləşmiş Ştatlarının öz seçimidir. Bizə isə heç bir güc təzyiq edərək yarımçıq sülhün imzalanmasına məcbur edə bilməz. Biz ümid edirik ki, ABŞ-də keçirilən prezident seçkilərindən sonra Amerika tərəfindən daha ədalətli mövqe sərgilənəcəkdir və regionda dövlətlərin işinə müdaxilə edilməyəcək, regionda dövlətlərin suverenliyi təhdid altına salınmayacaqdır. Azərbaycanın mövqeyi qətidir. Azərbaycan sonuna qədər öz mövqeyini qoruyacaqdır və qorumaq iqtidarındadır. Azərbaycan bu gün işğaldan azad olunmuş torpaqlarda quruculuq, bərpa və yenidənqurma işlərini həyata keçirir. Keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıdır və biz inanırıq ki, Qarabağ və Şərqi Zəngəzura baş tutan böyük qayıdış gələcək vaxtda Qərbi Azərbaycan üçün də reallaşacaqdır", - deyə Naqif Həmzəyev əlavə etdi.

Türkan İSGƏNDƏRLİ