"Paşinyanın çıxışları sülh naminə atılan addımlara ziddir" - Politoloq

 17:38 23.10.2024     286

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana və ümumilikdə region dövlətlərinə qarşı heç bir təcavüzkar niyyətinin olmadığını bildirib. O, bütün qonşu ölkələrin ərazi bütövlüyünü tanıdıqlarını qeyd edib.

Bu cür açıqlama edən Paşinyan niyə Azərbaycanın işğal altında qalan anklav kəndlərini qaytarmır və ölkəmizin təklif etdiyi sülh sazişini olduğu kimi qəbul etmir? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi şərhçi Aqşin Kərimov bildirdi ki, Paşinyanın çıxışları sülh naminə atılan addımlara ziddir.  

"Ermənistan Azərbaycanla sülhə dair irəliləyiş fonunu vurğulayan açıqlamalar versə də, bu, hərtərəfli sülh naminə atılan addım kimi qiymətləndirilmir. Yekun mütləq sülhün təmini üçün Azərbaycanın şərtləri var və Baş nazir Nikol Paşinyan həmin şərtlərin İrəvan tərəfindən icra edilməsi ilə Bakıya qarşı dönüş yaratmaq seçimləri arasında qalıb. Ancaq Paşinyanın səyləri sülh gündəmini sabotaj edən elementləri daha çox qabardır ki, bu da Ermənistanın Azərbaycana qarşı təsir əməliyyatları yaratmaq cəhdlərinin bir hissəsidir".

Aqşin Kərimov: Proseslər getdikcə daha qanlı bir şəkil alacaq - MÜSAHİBƏ

Politoloqun sözlərinə görə, Ermənistan sülh proqramını Rusiya ilə Qərb arasındakı mübarizə elementinə çevirmək istəyir.

"Hərçənd ki, Ermənistanın Azərbaycanın regionda yaratdığı reallıqları geri çevirmək səylərinin faydasız olduğu göz önündədir və bu, gələcəkdə İrəvanı daha qaranlıq tunelə salan tendensiyaların gücləndirilməsidir. Nəticə olaraq Ermənistanın sülh gündəliyi Azərbaycanın yekun strateji məqsədlərinin müəyyən etdiyi xətlərlə uyğunlaşan məqamlara malik olsa da, bütövlükdə bu məqsədlərə tam cavab vermir. 
Həm də ona görə ki, Ermənistan sülh proqramını Rusiya ilə Qərb arasındakı mübarizənin elementinə çevirməkdə maraqlı tərəf kimi çıxış edir", - deyə Aqşin Kərimov qeyd etdi.

Türkan İSGƏNDƏRLİ