“Türkiyədəki son terror hadisəsi sülhə, demokratiyaya hücumdur”
“Qardaş Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilən terror aktı bütövlükdə sülhə, ədalət, demokratiyaya edilən hücumdur”
Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Pokovnik qeyd edib ki, bu hücum Türkiyədəki inkişafı istəməyən, türk xalqının dincliyini, firavanlığını pozmaq istəyən qüvvələrin məkirli addımıdır:
“Türkiyə uzun illərdir ki, terrora qarşı mübarizə aparan, bu mübarizədə böyük uğurlara imza atan bir dövlətdir. Azərbaycan kimi qardaş Türkiyə də terrora münasibətdə hər zaman prinsipial mövqe sərgiləyib.
Türk Aviasiya və Kosmik Sənaye Şirkətinə edilən hücum bir daha sübut etdi ki, türk xalqının inkişafını, tərəqqisini istəməyən bədxah qüvvələr bu gün də qanlı teror aktları ilə Türkiyənin yüksəlişini əngəlləmək niyyətindən əl çəkməyib. Onlar bu kimi çirkin terror aktları ilə insanlar arasında vahimə yaratmağa, qardaş dövləti qorxu, təlaş içində saxlamağa çalışırlar. Ancaq bütün dünya bilməlidir ki, Türkiyə dövlətini, böyük, əzəmətli türk xalqını bu kimi təzyiqlərlə öz yolundan döndərmək mümkün deyil. Türkiyə bütün sınaqlardan olduğu kimi bu sınaqdan da qalib çıxacaq, öz gücünə güc qatmaqla yeni hədəflərə doğru əminliklə addımlayacaq.
Bütün anti-Türkiyə qüvvələri, bütün bədxahlar bilməlidirlər ki, Azərbaycan xalqı, Azərbaycan veteranları türk xalqının yanındadır və onun terrora qarşı mübarizəsini bugünə qədər olduğu kimi bundan sonra da qətiyyətlə dəstəkləyəcəkdir”.
Vasif ƏLİHÜSEYN