"Terroru yaradanlar elə Türkiyənin NATO müttəfiqləridir, xüsusilə də Fransadır" - Deputat
"Qardaş ölkədə törədilən terror aktı lənətlənməli bir hadisədir. Eyni zamanda mən düşünürəm ki, bu, Azərbaycana qarşı törədilən terror aktıdır. Nəticə etibarilə, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir".
Bu sözləri Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu Türkiyənin paytaxtında törədilən terror aktını şərh edərkən dedi. Onun sözlərinə görə, terroru yaradanlar kənar qüvvələr deyil:
"Terror aktının törədilməsinin müxtəlif səbəbləri var. Əlbəttə ki, nəzərə almaq lazımdır ki, Türkiyə 1980-ci ildən bu günə qədər yarım əsrə yaxın bir müddətdir ki, terrorla mübarizə aparır və terroru yaradanlar da kənar qüvvələr deyil. Elə Türkiyənin NATO müttəfiqləri, xüsusilə də Fransadır. Türkiyə ərazisinə tunellər qazdıran, Yaxın Şərqdəki terror təşkilatlarını silahlandıran və əgər Trampın ifadəsindən desək, İŞİD-i yaradan da elə Amerika Birləşmiş Ştatlarıdır. Hansı ki, deməli, Trampın dediyinə görə, bunu Klinton və Barak Obama yaradıb. Məsələ ondadır ki, terror hadisəsində iki mühüm istiqamət ayrıca təhlil edilməlidir. Bunlardan biri Türkiyənin hərbi sənaye müəssisəsinin hədəfə alınması, ikinci, terror hadisəsinin Türkiyənin Prezidentinin Kazanda səfərdə, BRİKS tədbirində olmasıdır. Mən düşünürəm ki, onların hər biri bir-biri ilə əlaqədardır".
Deputat qeyd etdi ki, Türkiyənin güclənməsi heç də hamını qane etmir və ona görə də onun hərbi sənayesi hədəfə alınır.
"Türkiyə son dövrlərdə hərbi sənayesini çox sürətlə inkişaf etdirir və kənardan silah almaq kimi bir problemi yoxdur. Əlbəttə ki, BRİKS-də iştirak etmək Türkiyənin hüququdur. Ancaq Türkiyə bunu da nəzərə almalıdır ki, Avropa İttifaqına üzvlüyünə namizəddir. Bu kontekstdən baxdıqda terror aktının fonunu görmək mümkün olur. Demək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Kazana səfərindən heç də hamı razı deyil. Ümid edirəm ki, hüquq mühafizə orqanları bunu törədənləri aşkar edəcəklər və layiqli cəzalarına çatdıracaqlar. Amma heç kəs unutmasın ki, terrorla Türkiyəyə qalib gəlmək olmaz. Türkiyəyə qarşı qlobal imperializmin ən təsirli silahı dollardır ki, iqtisadiyyatına bu cür süni müdaxilələr etməklə devalvasiya yarada bilərlər. Türk lirəsini ucuzlaşdırırlar, amma yarım əsrə yaxın bir müddətdir ki, bütün digər vasitələrlə Türkiyəyə qarşı faktiki olaraq terror müharibəsi aparırlar. Amma uğurlu ola bilmirlər. Əminik ki, bundan sonra da qardaş ölkə öz gücünü, qüdrətini, maraqlarını qoruya biləcək", - deyə H.Babaoğlu vurğuladı.
Türkan İSGƏNDƏRLİ