Ankaradakı terror aktı Türkiyənin BRİKS-lə yaxınlaşması ilə bağlıdır? - AÇIQLAMA
"Türkiyənin paytaxtı Ankarada törədilən terror aktı ölkədə sabitliyin pozulmasına, eyni zamanda müdafiə sisteminə zərər vurulmasına yönəldilib. Amma diqqəti çəkən başqa bir məqam da var ki, Qərb dairələrinin, xüsusilə də Amerika Birləşmiş Ştatlarını BRİKS-in güclü bir beynəlxalq subyekt olaraq özünü göstərməsi narahat edir".
Bu sözləri Redaktor.az-a danışan keçmiş deputat, siyasi ekspert Elşad Mirbəşiroğlu dedi. Onun sözlərinə görə, ABŞ BRİKS-in genişlənməsindən narahatdır.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçirilən BRİKS-in 16-cı sammitinə dəvət alıb və orada iştirak etmək üçün Rusiyaya yollanıb. Hesab edirəm ki, bu sammit zamanı terror aktının törədilməsi həm də Türkiyənin bu istiqamətdə mövqeyi ilə bağlı ola bilər və BRİKS-ə qoşulmaq istəyən istənilən ölkə bu cür terror təzyiqlərinə də məruz qala bilər. Eyni zamanda Türkiyənin daxili işlər naziri Əli Yerliqaya da terrorun arxasında kimlərin dayana biləcəyi ehtimallarına da toxunubdur. Elə bunun özü də bir daha nümayiş etdirir ki, PKK üzərində kimin təsir imkanları varsa, bu terror aktı da məhz o dairələr tərəfindən törədilib. PKK üzərində də çox yaxşı bilirik ki, əsasən Amerika Birləşmiş Ştatlarının real təsiri mövcuddur. Ona görə də düşünürəm ki, bu terror aktı məhz Türkiyənin BRİKS-lə yaxınlaşması ilə də bağlı ola bilər".
Politoloq qeyd etdi ki, bu cür xain hücumun törədilməsi Türkiyənin müstəqil siyasəti ilə bağlıdır.
"Ayrıca olaraq bildiyimiz kimi terror aktı Türkiyənin Aerokosmik Sənaye Mərkəzində törədilibdir. Türkiyə son illərdə bu sahədə çox böyük uğurlar əldə etməkdədir. Düşünürəm ki, həm də bu istiqamətdə Türkiyəyə zərbə vurmağa hesablanmış bir addım da ola bilər. Bundan sonra nələr olacaq? Elə Ərdoğanın da vurğuladığı kimi, terrora imkan verilməyəcəkdir, Türkiyə bölgədə terrora qarşı daha ciddi mübarizə aparacaqdır və hesab edirəm ki, bəzi coğrafiyalarda da bu mübarizə əsnasında Türkiyə ordusunu görmək mümkün olacaqdır. Bütün hallarda qardaş ölkədə bu cür xain hücumun törədilməsi onun müstəqil siyasəti ilə bağlıdır, onun artan gücü ilə bağlıdır və bu amillər, yəni Türkiyənin müstəqil xarici siyasət yürütməsi, Türkiyənin davamlı olaraq gücünün artması bəlli dairələri çox narahat edir, qıcıqlanır və hər vasitə ilə cılız da olsa, bu istiqamətdə ona zərbələr vurmağa çalışırlar", - deyə E.Mirbəşiroğlu vurğuladı.
Türkan İSGƏNDƏRLİ