"Avropa Parlamentinin qətnaməsi təşkilatın korrupsioner mahiyyətini bir daha göstərdi" - Musa Qasımlı

 11:58 25.10.2024     282

"Kazanda BRİCS toplantısı çərçivəsində Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşdüyü gündə - oktyabrın 24-də Avropa Parlamentinin “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı istifadəyə yararsız kağız parçası olan qətnaməni qəbul etməsinin bəlli səbəbləri vardır: özlərinin strateji məqsədləri naminə vaxtilə qızışdırıb ortaya atdıqları və artıq məğlub edilmiş Ermənistanın darmadağın edilməsi onların da uzun əsrlər boyu yürütdükləri siyasətin ayaqlar altına salınması olduğundan ermənilərin düşmüş olduğu vəziyyət üçün səbəbləri onlarda və özlərində deyil, Azərbaycanda axtararaq düşmənçiliyi yenidən alovlandırıb regiona qan, revanşizm üzərində gəlməyə cəhd etməkdən ötrü "hüquqi" əsaslar hazırlamağa çalışırlar; digərləri kimi bu qətnamə də göstərir ki, parlamentarilər Avropa xalqlarını aladadaraq cinayət yolları ilə pullar qazanmış erməni milyarderlərinin artıq nimdaşa çevrilmiş ciblərindədirlər və xirtdəyə qədər çirkaba batıblar; onlar belə ucuz qətnamələri qəbul etməklə özlərini dünya erməniliyinin gözündə qaldırmağa çalışırlar".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı bildirib.

"Ermənilərin bədbəxtliyinin kökündə sonradan gəlib yerləşdikləri regionun yerli xalqları ilə dil tapıb mehriban qonşular kimi yanaşı, müstəqil yaşaya bilmək istəyinin olmaması, qul psixologiyası, kənardan üçüncü qüvvənin buraya gətirilməsi cəhdləri dayanır.

Gələcəkdə şübhəsiz ki, Azərbaycana qarşı böhtan və təhdidlər dolu digər məzmunlu qətnamələr də qəbul ediləcəkdir. Lakin onların heç biri Azərbaycanın Cənubi Qafqazda yaratdığı indiki şəraiti dəyişmək gücündə olmayacaqdır", - deyə vitse-spiker vurğulayıb.

Redaktor.az