"Azərbaycanı BRİKS-ə üzv hesab etmək olar" - Deputat
Rusiyanın Kazan şəhərində keçirilmiş BRICS-in (BRİKS) XVI sammiti yekunlaşdı. Beynəlxalq tədbirə dünyanın dörd bir yanından rəsmilər qatılmışdı. Azərbaycan Prezidenti İlham Əliyev də bu tədbirin iştirakçısı idi.
Qeyd edək ki, daha öncə Azərbaycan da daxil olmaqla bir neçə ölkə BRİKS-ə qoşulmaq üçün müraciət edib. Bəs təşkilata üzv olanlar barədə niyə hələ də məlumat yoxdur?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirdi ki, həmin dövlətlərlə bağlı ümumi razılığa gəlindikdən sonra qərar qəbul ediləcək.
"BRİKS-ə qoşulmaq üçün 54 ölkə müraciət edib. Hazırda təşkilatın cəmi doqquz üzvü var. Əvvəllər müraciət edənlər müzakirəsiz qəbul edilirdi. Amma indi isə onlar bir prosedur qaydası yaratmağa çalışdılar. Cəmisi dörd ölkəyə perspektivdə BRİKS-ə qoşulmaq üçün danışıqlar aparacağı bildirildi. O birisi ölkələr isə sonrakı mərhələdə ümumi razılığa gəldikdən sonra qərar qəbul ediləcək. Söhbət təkcə Azərbaycandan deyil, dünyanın digər bölgələrindən də olan nüfuzlu ölkələr həmin təşkilata qoşulmaq istəyir. Təşkilatın üzvü olmaq hər hansı bir üstünlük vermir".
Deputatın sözlərinə görə, onsuz da BRİKS-ə daxil olanlar da, olmayanlar da ikitərəfli əməkdaşlıq təcrübəsinə malikdirlər.
"Bu, yeni bir tribunadır, yeni fikir mübadiləsi etmək platformasıdır və göründüyü kimi BRİKS sammitində birinci gün ancaq üzv ölkələr, ikinci gün isə ona qoşulmaq istəyən ölkələrin rəhbərlərinin iştirakı ilə böyük bir sammit keçirildi və hər bir ölkə rəhbəri öz fikrini açıq şəkildə iştirakçılara bildirə bilirdi və Azərbaycanı həmin təşkilat nə vaxt qərar qəbul edərsə, o zaman təşkilatın üzvü olacaq. O təşkilata üzvlük hər hansı bir üstünlük vermədiyinə görə hesab edirəm ki, Azərbaycanın o ölkələrlə ikitərəfli əməkdaşlığı var. Tədbirdə də iştirakına görə artıq həmin təşkilata üzv hesab etmək olar", - deyə A.Mirzəzadə vurğuladı.
Türkan İSGƏNDƏRLİ