"Azərbaycan və Ermənistan arasında 80 faiz məsələ həllini tapıb"

 17:20 25.10.2024     531

Xəbər verdiyimiz kimi, ötən gün Kazanda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Görüşdə tərəflər ikitərəfli sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bundan sonra dövlətlərarası münasibətlər necə irəliləyəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, Azərbaycan və Ermənistan arasında bir çox məsələlər həllini tapıb.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Kazanda BRİKS-in 16-cı sammiti çərçivəsində görüş keçirildi və bu görüş vasitəçilər olmadan keçirilən görüş idi. Bu, ondan xəbər verir ki, sülh sazişi ilə bağlı 80 faiz məsələlər həllini tapıb, razılaşma var. Həllini tapmayan 20 faizə aid olan məsələlərdir. Təbii ki, bu görüş çərçivəsində daha çox həllini tapmayan məsələlər diqqət mərkəzində saxlanılıb. Çünki həllini tapan məsələ onsuz da bəllidir və delimitasiya, demarkasiya sahəsində də addımların bundan sonra atılması haqqında razılaşma əldə edilib. Eyni zamanda xarici işlər nazirinə tapşırıq verilib ki, sülh sazişi və dövlətlərarası münasibətlərin qurulması ilə bağlı saziş üzərində iş sürətləndirilsin, vaxtdan səmərəli istifadə olunsun".

Deputatın sözlərinə görə, Ermənistan referenduma hazırlaşmalıdır, referendum olmadan da konstitusiyasına dəyişiklik edə bilməz.

"Ancaq burada əsas məsələ cənab Prezident İlham Əliyevin əsas tələbinin yerinə yetirilməsi ilə bağlıdır. Söhbət Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının konstitusiyadan çıxarılması ilə bağlı məsələdir. Bu məsələdə dövlətimizin prinsipial mövqeyi var. İndi Ermənistan siyasi rəhbərliyi bu haqda düşünməli və Paşinyan xarici işlər nazirinə ilk növbədə bu məsələ ilə bağlı tapşırıq verməlidir ki, bu məsələnin edilməsi istiqamətində addımlar atmağa başlasınlar. Yəni Ermənistan referenduma hazırlaşmalıdır, referendum olmadan da konstitusiyasına dəyişiklik edə bilməz. Mənə elə gəlir ki, Ararat Mirzoyan, Ermənistan Xarici İşlər Nazirliyi ilk növbədə ölkəsində referendum keçirilməsi ilə bağlı müvafiq addımların atılması üçün səylər göstərməli və Rusiya rəhbərinə bu haqda məruzə etməlidir", - deyə Elman Nəsirov bildirdi.

Türkan İSGƏNDƏRLİ