"Zaman ermənilərə nə qədər güvənmək lazım olduğunu göstərəcək" - Elman Məmmədov

 17:43 25.10.2024     519

Ermənistanın Baş naziri Nikol Paşinyan nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin öz ərazisindən, o cümlədən Azərbaycandan keçməsinin təşkilində maraqlı olduğunu bildirib.

Bəs Azərbaycan bu təkliflərlə razılaşar?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, tərəflər arasında əməkdaşlığın razılaşdırılması Ermənistanın hərəkətlərindən asılıdır.

"Bizim aramızda təbii ki, səmimi, qarşılıqlı dostluq ola bilməz. Ancaq qonşuluq, əməkdaşlıq ola bilər. Bu da Ermənistanın özünü aparmasından asılıdır. Məsələn, öz ərazisinə, regiona aidiyyəti olmayan üçüncü, dördüncü, beşinci, dövlətlərin hərbçilərini çağırmamalıdır. Bizimlə qonşuluq etmək istəyir, ancaq Amerika Birləşmiş Ştatları, Fransa, Kanada, Hindistan və digər ölkələrdən silah-sursat yığır. Belə olan təqdirdə bunların saxtakarlığı, riyakarlığı, ikiüzlüyü bir daha özünü büruzə verir. Ancaq məsələ burasındadır ki, yeni gedişat göstərəcək bunlar səmimi ola bilər, yoxsa yox. Biz bütün qonşularımızla əməkdaşlıq etməyə hazırıq, o cümlədən onlarla da. Bu şərtlə ki, bunlar bizə olan iddialarından, yeni müharibə hazırlıqlarından əl çəksinlər, konstitusiyalarını dəyişsinlər".

Deputatın sözlərinə görə, sülh əldə olunarsa, Paşinyanın təklifləri qəbul edilə bilər.

"Sülh sazişi imzalanandan sonra qonşuluqda nəqliyyat xətlərinin, kommunikasiyaların açılışı baş tuta bilər. Yəni onların ərazisindən və bizim ərazimizdən Şərq, Qərb nəqliyyat dəhlizi kimi başqa layihələr də həyata keçiriləcək. Zaman ermənilərə nə qədər güvənmək lazım olduğunu göstərəcək. Axı bunlar bütün tarix boyu etibarsızlıq, xəyanətkarlıq, saxtakarlıqla tanınıblar. Ona görə bu məsələlərdə çox ehtiyatlı davranmaq lazımdır. Ona görə də ilk olaraq, bizim təkliflərimizi qəbul etsinlər, daha sonra onların təkliflərinə baxarıq", - deyə Elman Məmmədov vurğuladı.

Türkan İSGƏNDƏRLİ