"Avropa Parlamentinin qətnaməsi bütün bölgə xalqları üçün təhdiddir" - Jalə Əliyeva

 18:04 25.10.2024     570

"Çox təəssüflər olsun ki, Avropa Parlamentinin, ABŞ Konqresinin davamlı olaraq Azərbaycana qarşı qərəzli mövqeyi ortaya atılır və bu mövqe davam etdirilir. Hər nə qədər bütün cəhdləri, addımları fiaskoya uğrasa da, öz siyasətlərindən əl çəkmirlər və hər vəhclə Azərbaycana təzyiq kampaniyasını davam etdirirlər".

Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı Jalə Əliyeva Avropa Parlamentinin qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməni şərh edərkən dedi. Onun sözlərinə görə, Avropa bölgədə Azərbaycan kimi güclənən nüfuzlu bir ölkənin var olmasını qəbul etmir:

"Avropanın, ABŞ-nin dünyada hökmranlıq etmək, ideyalarını, siyasətini pozan və bu siyasətə qarşı öz ədalət prizmasından yanaşaraq, yeni düzəninin qurulması çərçivəsində öz prinsipial, eyni zamanda obyektiv mövqeyini ortaya qoyan, yüksələn Azərbaycan, əlbəttə ki, bu gün bir çox Avropa ölkələri üçün başağrısına çevrilir. Azərbaycanın bu müstəqil, tam demokratiya və insan hüquqlarına əsaslanan addımlarını heç bir şəkildə qəbul etmək, bəyənmək istəmirlər və hər vəchlə Azərbaycana mane olmağa çalışırlar. Eyni zamanda əlbəttə ki, burada iqtisadi maraqlar da var. Azərbaycan iqtisadiyyatı güclənir, Azərbaycan bölgənin güclü dövlətinə çevrilib və çevrilmə də sürətlə davam etməkdədir. Əlbəttə ki, bütün bunlar da onların bölgədəki qərəzli planlarını suya düşürməkdədir".

Deputat qeyd etdi ki, onların Azərbaycan haqqında yalan iddialar ortaya atması və buna görə qətnamə qəbul etməsi, özü bir cinayətdir.

"Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər başlığı altında ortaya atılan qətnamənin özü başdan-ayağa insan hüquqlarının, beynəlxalq hüququn pozulmasına, o cümlədən Ermənistanla münasibətlərin pozulmasına xidmət edən qıcıqlandırıcı, qərəzli, qızışdırıcı olaraq dəyərləndirilməlidir. Bu qətnamə sadəcə Azərbaycan və Ermənistan deyil, ümumiyyətlə bütün bölgə xalqları üçün bir təhdiddir. Bu bütün bölgənin insan hüquqlarına qarşı çevrilmiş bir qətnamədir", - deyə Jalə Əliyeva bildirdi.

Türkan İSGƏNDƏRLİ