İran İsrailə cavab verəcək? - "Ortada bazarlıq var"
İsrail hərbçiləri İranın paytaxtı Tehran eləcə də digər şəhərlərdə hərbi obyektlərə zərbələr endirib. Hücum İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri ilə həyata keçirilib.
İran İsrailə necə cavab verəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Natiq Miri bildirdi ki, İranın İsrailə cavab vermək fikirləri onun siyasətinin oyunudur.
"İranın İsrailə cavabını gözləməməliyik. Bu bir oyundur və bu fikri, yəni İsrailə cavab fikri ortalığa atılmaqla dolayısı ilə İranın müəyyən geosiyasi maraqlarını ortaya qoyur. Çünki "cavab olacaq" fikri bir tərəfdə İsrailin üzərində bir basqı yaratsa da, digər tərəfdən bazarlıq üçün İsrailin strateji müttəfiqlərinə qapını açır. Yəni əgər İsrailə cavab zərbəsinin vurulmasını istəmirlərsə, onda İranın müəyyən şərtlərini qəbul edəcəklər kimi bazarlıqlar ortalığa qoyulur. Ona görə də "İranın cavabı olacaq" sözlərini səmimi olaraq qəbul etmək olmaz. Bu olanadək oyunlar, bazarlıqlar davam edəcək".
Politoloqun sözlərinə görə, İsrail və İran arasındakı problemin qaynağı ABŞ-dir.
"Buradan o çıxır ki, İsraillə İran arasında bütün oyunların müəllifi, hərəkətverici qüvvəsi anqlosakslardır. Başda da Amerika Birləşmiş Ştatları olmaqla bu oyun oynanılır. Buna görə də daha çox bu oyun haqqında düşünsək, yəni bunun yol açacağı böyük müharibə elə də böyük deyil. Çünki deyilənlər sadəcə sözdən və görüntüdən ibarətdir. Buna cavab verən aylarla buna hazırlaşmalı deyil, buna cavab vermək istəyən anındaca cavabını verir və müharibəni gözə alır. Əgər məsələ uzadılırsa, demək ki, ortada bazarlıq predmeti, almaq istədikləri var", - deyə Natiq Miri bildirdi.
Türkan İSGƏNDƏRLİ